Kamboca və Tailand atəşkəs barədə razılığa gəldi

Dünya

27.07.2025 09:00

ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə Kamboca və Tailand arasında dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılıq əldə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Kamboca Baş naziri Hun Manet məlumat yayıb.

Hun Manet bildirib ki, iyulun 26-da axşam saatlarında Trampla telefon danışığı zamanı ABŞ lideri münaqişənin doğurduğu insan tələfatından ciddi narahatlığını ifadə edib və sülhə sadiqliyini vurğulayıb.

“O, heç bir müharibə və ya hərbi toqquşma görmək istəmir, çünki bu, hər iki tərəfdə daha çox ölüm və yaralanmalara gətirib çıxarır”, - deyə Hun Manet qeyd edib.

Danışıq zamanı Kamboca Baş naziri Pnompenin atəşkəslə bağlı təklifi tam dəstəklədiyini Trampa çatdırıb. Daha sonra Tramp Tailandın Baş nazir əvəzi Pxumtamn Veçayaçay ilə də telefonla danışaraq Bangkokun da razı olduğunu Hun Manetə bildirib.

“Konkret məqsəd – mümkün qədər tez razılaşdırılmış prinsipləri həyata keçirmək və hərbçilər və mülki vətəndaşlar arasında yeni itkilərin qarşısını almaqdır”, – deyə Kamboca lideri vurğulayıb.

Razılaşmanın tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün Hun Manet öz müavini və xarici işlər naziri Prak Sokhona, ABŞ dövlət katibi Marko Rubio və Tailand xarici işlər naziri Marit Sangiampxong ilə birbaşa əlaqə saxlaması üçün tapşırıq verib.

Töhfə Səməd

tag: Kamboca,Tailand ,ABŞ,Tramp,Todaypress.tv,