İsrail Trampın qərarını gözləmək istəmir

Dünya

22.06.2025 00:45

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın İranla bağlı münaqişəyə qoşulmaqla bağlı qərarını gözləmək niyyətində olmadıqlarını Ağ Evə bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında gərgin telefon danışığı baş tutub. İsrail hakimiyyəti hesab edir ki, İranın Fordo şəhərində yerləşən qapalı nüvə obyektinə qarşı hərbi əməliyyat keçirmək üçün zaman məhduddur və bu imkan pəncərəsi sürətlə daralır.

Agentliyin mənbələri ehtimal edir ki, İsrail təkbaşına hərbi əməliyyat keçirməyə hazırlaşa bilər. Onların sözlərinə görə, İsrailin İranın hava məkanının böyük hissəsində üstünlüyə malik olması bu ssenarini daha real etsə də, əməliyyat yenə də yüksək risk daşıyır. 

Nəşrdə qeyd olunub ki, İsrail obyektin tam məhvini deyil, ona ciddi zərər vurmağı hədəfləyə bilər.

Bununla belə, “Reuters” xatırladır ki, hazırda Fordo kimi möhkəmləndirilmiş nüvə obyektlərini dağıtmaq gücünə malik bombalara yalnız ABŞ malikdir.

Töhfə Səməd

tag: İsrail,ABŞ,Tramp,İran,Nüvə,Todaypress.tv,