İran valyutası ilə bağlı son qərar: Sıfırlar silindi

Dünya

03.08.2025 23:30

İran uzunmüddətli maliyyə planı çərçivəsində ölkənin rəsmi valyutası olan rialın dəyərsizləşməsinin qarşısını almaq məqsədilə əhəmiyyətli addım atmağa hazırlaşır.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, İran parlamenti rəsmi valyutadan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu təşəbbüs ilk dəfə 2019-cu ildə gündəmə gəlsə də, müxtəlif səbəblərdən həyata keçirilməmişdi. Hazırda qeyri-rəsmi valyuta bazarında 1 ABŞ dolları təxminən 920 min rial dəyərindədir.

Gündəlik həyatda iranlılar artıq uzun müddətdir rəsmi valyuta olan rial əvəzinə onun sadələşdirilmiş forması olan tomanla əməliyyat aparmağa üstünlük verirlər. Belə ki, 1 toman 10 rial dəyərindədir.

Qeyd edək ki, İran iqtisadiyyatı ölkənin mübahisəli nüvə proqramına görə tətbiq olunan beynəlxalq sanksiyalar səbəbilə ciddi çətinliklərlə üz-üzədir. Ölkədə inflyasiya səviyyəsi yüksəkdir və rialın dəyəri durmadan aşağı düşür.

Töhfə Səməd

tag: İran ,Rial,Sıfır,Valyuta,Todaypress.tv,