Tramp hərbi texnologiyalara üstünlük verir

Dünya

26.06.2025 15:15

ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün müdafiə və milli təhlükəsizlik büdcəsini təqdim edib. Yeni təklifdə hərbçilərin maaşlarının artırılması, raket və dron proqramlarının gücləndirilməsi nəzərdə tutulur, lakin bu, aviasiya və donanma xərclərinin azalması hesabına həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp administrasiyası büdcə layihəsində 892,6 milyard dollar ayırmağı planlaşdırır. Bu məbləğ nüvə proqramları, daxili təhlükəsizlik və xüsusilə Çinlə rəqabət çərçivəsində Hind-Sakit okean regionuna yönəldiləcək.

Layihəyə əsasən, hərbçilərin maaşında 3,8% artım nəzərdə tutulur. Eyni zamanda, istismar xərcləri yüksək olan köhnə gəmilər və təyyarələr istismardan çıxarılacaq. Hərbi Dəniz Qüvvələri mülki heyətini 7286 nəfər azaltmaqla qənaət rejiminə keçəcək.

Tramp "F-35" qırıcılarının sifarişini əvvəlki 68-dən 47-yə endirib, büdcədə cəmi üç hərbi gəmi yer alıb. Bununla yanaşı, uzaqmənzilli "JASSM-ER" və "LRASM" raketlərinin, eləcə də Ukraynada effektivliyi sübut olunmuş kiçik zərbə dronlarının alınması davam etdiriləcək.

Konqresin Nümayəndələr Palatası isə "F-35" sayını 69-a çatdırmağı təklif edib və “One Big Beautiful Bill Act” adlı qanun layihəsi çərçivəsində əlavə 25 milyard dolların “Golden Dome” raketdən müdafiə sisteminə ayrılması planlaşdırılır.

Ekspertlər bildirirlər ki, Trampın yeni büdcə yanaşması yüksək texnologiyalara yönəlməyi prioritet sayır və bu, müdafiə sənayesində iş yerlərinin qorunması ilə texnoloji modernləşmə arasında balans məsələsini gündəmə gətirir.

Qeyd edək ki, Dünya Bankı və BVF-nin hesablamalarına görə, ABŞ-nin 2025-ci il üzrə nominal ÜDM-i 30,3 trilyon dollar təşkil edir və müdafiə xərcləri təxminən 3%-ə bərabərdir. NATO-nun Haaqa sammitində isə üzv ölkələrin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırması barədə razılıq əldə olunub.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Raket,Aviasiya,Todaypress.tv,