İndoneziyada vulkan püskürdü
Dünya
16.03.2026 13:13
İndoneziyanın Sumatra adasında yerləşən Marapi vulkanı püskürüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Antara" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, kül və tüstü vulkanın kraterindən təxminən 1600 metr yüksəyə qalxaraq dəniz səviyyəsindən 4491 metr hündürlüyə çatıb. Püskürmə nəticəsində kül buludu cənub-qərb istiqamətində yayılıb.
Səlahiyyətli qurumlar bölgə sakinlərini vulkanın yaxınlığında mümkün lava axınları və isti püskürmələr barədə xəbərdar ediblər.
Marapi vulkanı Qərbi Sumatra əyalətində, Barisan dağ silsiləsinin şimal-qərbində yerləşir və hündürlüyü 2891 metrdir. Bu, regionun aktiv vulkanlarından biridir.
Xatırladaq ki, 2023-cü ilin dekabrında baş verən Marapi püskürməsi nəticəsində ən azı 22 nəfər həyatını itirib.
Qeyd edək ki, 18 minə yaxın adadan ibarət İndoneziya arxipelaqı Sakit okeandakı "Alov halqası" seysmik zonasının üzərində yerləşir. Ölkədə 500-dən çox vulkan var və onların təxminən 130-u aktiv hesab olunur.
Türkan İsgəndərli
tag: İndoneziya,Vulkan,Marapi,Ada,Todaypress.tv,
