"Amazon" milyonuncu robotunu işə saldı
Dünya
02.07.2025 17:29
“Amazon” şirkəti tarixində ilk dəfə olaraq milyonuncu robot istehsal etdiyini elan edib. Robot Yaponiya sifariş emalı mərkəzlərindən birində istifadəyə verilib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat “Amazon”un rəsmi press-relizində yer alıb.
Bildirilib ki, korporasiya ilk robotunu 2012-ci ildə təqdim edib. Həmin robot ancaq anbar mərtəbələri üzrə məhsul rəflərini daşımaq üçün nəzərdə tutulmuşdu. Bu gün isə şirkət müxtəlif funksiyalara malik geniş robot parkına sahibdir.
“Amazon” həmçinin generativ süni intellekt modelini – “DeepFleet” adlı neyroşəbəkəni təqdim edib. Yeni texnologiya robotların hərəkətlərini koordinasiya etməklə onların anbar daxilindəki hərəkət vaxtını 10 faizədək azaldacaq.
Şirkət bəyan edib ki, “DeepFleet” texnologiyası sayəsində sifarişlərin emalı daha sürətli baş verəcək, istismar xərcləri və enerji istehlakı azalacaq.
“Biz robotlarımızı ABŞ-da yerli təchizatçılarla əməkdaşlıq çərçivəsində istehsal edir və onları bütün dünyada yerləşdiririk”, – deyə korporasiya əlavə edib.
Qiymət Mahir
tag: ABŞ,Amazon,Robot,DeepFleet,Todaypress.tv,