Gürcüstanın ABŞ-yə yeni səfiri təyin olunur: Tamar Taliaşvili kimdir?

Dünya

10.06.2025 12:13

Gürcüstan hökuməti Tamar Taliaşvilini ölkənin ABŞ-dəki Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə namizəd olaraq prezident Mixail Kavelaşviliyə təqdim edib.

TodayPress TV "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi sənədində bildirilib.

Sənədə əsasən, Taliaşvili 10 iyul tarixindən vəzifəyə başlayacaq. Eyni zamanda, Baş nazir İrakli Kobaxidze tərəfindən prezidentə təqdim olunan digər sənəddə onun həmin tarixdən Gürcüstanın Avropa Şurası yanındakı daimi nümayəndəsi vəzifəsindən azad edilməsi təklif olunur. Bu sərəncam 9 iyun tarixi ilə imzalanıb.

Qeyd edək ki, ABŞ-dəkı səfir postu 2024-cü ilin dekabrında vəzifəsindən istefa verən sabiq xarici işlər naziri David Zalkalianinin gedişindən sonra boş qalmışdı.

Tamar Taliaşvili kimdir?

Tamar Taliaşvili 2022-ci ilin oktyabrından Gürcüstanın Avropa Şurası yanındakı daimi nümayəndəsidir. Bu vəzifəyə təyin olunmaq üçün, o, 2020-ci il parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından qazandığı deputat mandatından imtina edib.

2014–2020-ci illərdə Tbilisi şəhər şurasının üzvü olub və Təhsil və Mədəniyyət Komissiyasına rəhbərlik edib.

Qiymət Mahir

tag: Gürcüstan,ABŞ,Səfir,Tamar Taliaşvili,todaypress.tv,