Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir
Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə geniş əraziləri əhatə edən meşə yanğınlarının nəzarət altına alındığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "La Tribune Dimanche" qəzetinə müsahibəsində bildirib:
"Ümumilikdə bu gün ölkəmizdə baş verən yanğınlar nəzarət altındadır".
Baş nazir, xüsusilə Fransanın cənub-qərbində yerləşən Jirond departamentində baş vermiş meşə yanğınlarına diqqət çəkərək vurğulayıb ki, alovun yaratdığı güclü hava axınları və gözlənilməz istiqamətdə yayılması səbəbindən onun söndürülməsi son dərəcə çətin olub.
Qeyd edək ki, bu il Avropada, xüsusilə İspaniya və Fransada meşə yanğınları rekord həddə çatıb.
Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, yanğınların söndürülməsi məqsədilə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və yüzlərlə yanğınsöndürən səfərbər edilib.
Aysel Mətləb