Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı
İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın ofisi onun İsrail kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşləri barədə "The New York Times" qəzetində dərc olunmuş məlumatları təkzib edib.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, bəyanatda nəşrdə ictimaiyyəti çaşdırmaq və İran xalqına qarşı psixoloji müharibə aparmaq məqsədi daşıyan yalan məlumatlar olduğu iddia olunur.
Keçmiş prezidentin ofisi qeyd edib ki, adətən, onların dediyi kimi, "Hollivud üslubunda" iddialara cavab verməyi zəruri hesab etmir. Lakin ölkədəki mürəkkəb siyasi vəziyyət və potensial təxribatların qarşısını almaq üçün bütün ittihamları rəsmi olaraq təkzib etmək qərarı verilib.
Bəyanatda həmçinin vurğulanıb ki, Mahmud Əhmədinejad gündəlik fəaliyyətini davam etdirir.
Qeyd edək ki, "The New York Times" qəzeti mənbələrə istinadən Əhmədinejadın İsrail xarici kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşlər keçirdiyini və İsrailin onun hakimiyyətə qayıtmasını asanlaşdırmaq imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.
Jalə Rövşən