Çində güclü leysan fəlakətə səbəb oldu

Dünya

28.07.2025 12:09

Çinin paytaxtı Pekin güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

İyulun 24-dən başlayan davamlı yağışlar nəticəsində 27-si günü Pekinin şimal-şərqində yerləşən Miyun su anbarı tarixində ən ağır daşqınlarla üzləşib. 1964-cü ildə inşa olunan su anbarında illik orta yağıntı norması 2-3 dəfə aşılıb. Hətta Fupinq rayonunda cəmi bir saatda 145 mm yağış yağıb.

Pekin ən yüksək, qırmızı təhlükə səviyyəsini elan edib. Daşqın və sürüşmə təhlükəsi səbəbilə şəhərin kənar bölgələrindən 3 mindən çox sakin təxliyə olunub.

Yağıntılar elektrik və rabitə xətlərini zədələyib, xüsusilə Miyun şəhərində ciddi kəsintilər yaşanır.

Daşqın təhlükəsi Pinggu, Huairou, Shunyi və Fangshan rayonlarını da əhatə edir. Rəsmi qurumlar əhaliyə xəbərdarlıq edir və təhlükəli əraziləri dərhal tərk etməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

tag: Çin,Yağış,Sel,Daşqın,Todaypress.tv,