Çin hökuməti istehlakı artırmaq planı hazırlayır
Dünya
28.10.2025 18:15
Çin hökuməti yaxın beş il ərzində ölkə iqtisadiyyatında istehlak xərclərinin payını artırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Pekin hakimiyyəti “ev təsərrüfatlarının istehlak səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq” niyyətindədir. Bunun üçün hökumət real sektoru dəstəkləyən maliyyə xidmətlərini təkmilləşdirməyi və fiskal, monetar və sənaye siyasətləri arasında koordinasiyanı gücləndirməyi planlaşdırır.
Yeni strategiya çərçivəsində Çin hökuməti texnoloji innovasiyalar, istehlak, kiçik və orta sahibkarlıq, həmçinin xarici ticarət sahələrinə xüsusi diqqət yetirəcək.
Eyni zamanda, Pekin yarımkeçiricilər və yüksək texnoloji avadanlıq istehsalı kimi perspektivli sahələrdə mövqelərini gücləndirmək üçün “fövqəladə tədbirlər” həyata keçirməyə hazırlaşır. Bu addımlar həmçinin mədən sənayesi və dəniz daşımaları kimi ənənəvi sektorları da əhatə edəcək.
“İnterfaks”ın məlumatına görə, Çin hökuməti yaxın beş il üçün illik istehlak artımına dair konkret hədəf müəyyən edə bilər. Detallı plan gələn ilin martında keçiriləcək Ümumçin Xalq Nümayəndələri Yığıncağında təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl Çin hökuməti internetdə “mənfi emosiyalarla mübarizə” kampaniyasına başladığını açıqlamışdı.
Qiymət Mahir
tag: Çin ,Pekin,İqtisadiyyat,Dünya,Todaypress.tv,
