Kaliforniya Floridadan yardım təklifini rədd etdi: "Xaosun dərinləşməsinə imkan verməyəcəyik"

Dünya

11.06.2025 15:29

Kaliforniya ştatının qubernatoru Qeivin Nyusom, Los-Ancelesdə davam edən etirazların qarşısının alınması üçün Florida ştatından təklif olunan yardımı rədd edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Miami Herald" nəşrinə qubernatorun mətbuat katibi Diana Krofts-Pelayo məlumat verib.

“Milli qvardiyanın ehtiyac olmadığı bir şəraitdə, Kaliforniya qubernatoru DeSantisin müdaxiləsini və xaotik vəziyyəti daha da dərinləşdirmə cəhdini rədd etdik. Onsuz da şəhərdəki vəziyyət onun partiyasının lideri - prezident Donald Tramp tərəfindən kifayət qədər gərginləşdirilib”, - deyə Krofts-Pelayo bildirib.

Xatırladaq ki, Florida ştatının qubernatoru Ron DeSantis "Fox News" kanalına verdiyi müsahibədə bildirmişdi ki, Kaliforniyadakı vəziyyəti sabitləşdirmək üçün həmkarına yardım təklif edib, lakin bu təklif qəbul edilməyib. Məlumata görə, söhbət Florida Milli Qvardiyasının Los-Ancelesə göndərilməsindən gedir.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Los-Ancelesə iki min nəfərlik Milli Qvardiya qüvvələrinin göndərilməsinə dair qərarın qarşısını almaq məqsədilə Nyusom tərəfindən verilmiş məhkəmə iddiası da federal hakim tərəfindən rədd edilib.

Qeyd edək ki, etiraz aksiyaları Los-Ancelesdə iyunun 6-da ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) qeyri-qanuni miqrantlara qarşı reydi fonunda başlayıb və hələ də səngimək bilmir.

Məlumata görə, Trampın Milli Qvardiyanı şəhərə yeritmək qərarından sonra iğtişaşlar mərkəzə doğru yayılıb və aksiyalar getdikcə daha aqressiv hal alıb.

Töhfə Səməd 

tag: Kaliforniya ,Qeivin Nyusom,Los-Anceles,Miqrasiya,Polis,Qarşıdurma,todaypress.tv,