Britaniya: Rusiya “taktiki nüvə silahı”nı tətbiq edə bilər

Dünya

04.06.2025 12:29

“Rusiya yaxın zamanlarda Ukrayna ilə müharibədə taktiki nüvə silahı tətbiq edə bilər”. 

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” qəzetində britaniyalı polkovnik Riçard Kemp yazıb.

Kempin iddiasına görə, Vladimir Putin artıq dəfələrlə bu tip silahdan istifadəyə hazır olduğunu bildirib və bu mesajlar tez-tez dövlət nəzarətindəki media vasitəsilə dolaylı şəkildə çatdırılıb.

“Putin hesab edə bilər ki, adi nüvə başlığından daha zəif gücə malik belə bir cihazı ataraq, özünün “məğlubedilməzliyini” nümayiş etdirə və Zelenskini təslim olmağa məcbur edə bilər”, – deyə müəllif vurğulayır.

Məqalədə bildirilib ki, ABŞ dəfələrlə Rusiyanın taktiki nüvə silahından istifadəsinə icazə verməyəcəyini bəyan etsə də, prezident Donald Trampın Avropanın müdafiəsinə dair öhdəlikləri ilə bağlı qeyri-müəyyən mövqeyi Kremldə risk etməyə təşviq kimi dəyərləndirilə bilər.

Kempin fikrincə, Rusiyanın yaxın günlərdə Ukraynanın hərbi hava bazalarından birinə zərbə endirməsi mümkündür – bu, Rusiya bombardmançılarının son hücumda məhv edilməsinə birbaşa cavab ola bilər.

Polkovnik qeyd edir ki, bu cür hücum NATO mütəxəssislərinin, o cümlədən bölgədə gizli şəkildə Ukraynaya dəstək verən britaniyalı əsgərlərin həlak olması ilə nəticələnə bilər.

Qiymət Mahir

tag: Britaniya,Rusiya,Ukrayna,ABŞ,todaypress.tv,