Paşinyan Ermənistanın KTMT-yə münasibətinin niyə dəyişdiyini izah etdi

Dünya

15.09.2025 13:16

Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) faktiki olaraq tənqid edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Paşinyan Yerevanda təşkil olunan “Əhatəli təhlükəsizlik və dayanıqlıq” konfransında çıxışı zamanı danışıb.

Baş nazir bildirib ki, Ermənistan KTMT-yə münasibətini yenidən nəzərdən keçirib, çünki bu təşkilatla xarici təhlükəsizliyin təmin olunmasında bir sıra həll olunmamış məsələlər var. 

Onun sözlərinə görə, əvvəllər Ermənistan hakimiyyəti hesab edirdi ki, hərbi-siyasi ittifaqlar və ordu ölkənin xarici təhlükəsizlik baxımından həssaslığını azalda bilər. Lakin bu formulun birinci hissəsi Qarabağ münaqişəsinin eskalasiyası zamanı işə yaramayıb. KTMT hər zaman müxtəlif formalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə edib.

Daha sonra 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistanın ərazi bütövlüyünün pozulması faktları ilə bağlı KTMT-yə müraciətlər ediləndə, təşkilat cavab verib ki, Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiya olunmayıb, bu səbəbdən də Ermənistan ərazisinə müdaxilə olub-olmadığını demək çətindir.

Paşinyan qeyd edib ki, bu məsələlər KTMT çərçivəsində vaxtında işlənməyib, baxmayaraq ki, onlar mühüm əhəmiyyət daşıyır.

“Bu zaman belə bir sual meydana çıxdı ki, biz özümüz öz ərazi bütövlüyümüzü tanıyırıqmı və bu əsaslar beynəlxalq ictimaiyyət üçün aydındırmı?”, - deyə Paşinyan bildirib.

Onun fikrincə, KTMT ilə bağlı vəziyyət göstərdi ki, bu təşkilat Azərbaycanı da Ermənistan qədər “qardaş ölkə” kimi qəbul edir. Ermənistan hökumətinin başçısının sözlərinə görə, bu KTMT üçün yeni mövqe deyildi, sadəcə olaraq, Yerevan əvvəllər bunu “görməzlikdən gəlməyi” üstün tuturdu.

Bundan sonra 6 oktyabr 2022-ci ildə Praqada Ermənistan və Azərbaycan liderləri Alma-Ata Bəyannaməsi əsasında bir-birlərinin ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bəyan etdilər.

Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycanın sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair sənədləri imzalaması və ratifikasiya etməsi, eləcə də Vaşinqton razılaşmaları bu legitimlik strategiyasını gücləndirir. O vurğulayıb ki, müttəfiqlərlə münasibətlərdə də heç bir şəkildə şübhə doğurmayan bir legitimliyə əsaslanmaq vacibdir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında bəyan etmişdi ki, Ermənistan KTMT-də iştirakını dayandırıb. O, həmçinin qeyd etmişdi ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə daha çətin, hətta mümkünsüz olur. Onun sözlərinə görə, “geri dönüş nöqtəsi” artıq keçilib.

Aysel Mətləb

TodayPress TV

tag: Paşinyan,KTMT,Ermənistan,Açıqlama,Todaypress.tv,