Avstraliya sahillərində zəhərli yosun fəlakəti
Dünya
23.07.2025 19:45
Avstraliyanın cənub sahillərində zəhərli yosunların sürətlə yayılması ciddi ekoloji fəlakətə səbəb olub.
TodayPress TV xəbər verir ki, "Karenia mikimotoi" adlı yosun növü 4,5 min kvadrat kilometr sahəni əhatə edərək yerli flora və faunaya zərər vurur.
Mütəxəssislər bu vəziyyəti okean sularında temperaturun artması ilə əlaqələndirirlər. Yosunlar parçalandıqda sudakı oksigeni sorur və nəticədə hipoksiya – yəni oksigen çatışmazlığı yaranır. Bu səbəbdən minlərlə dəniz canlısı ölümlə üzləşib, 13,8 mindən çox canlı səthə çıxıb.
Cənubi Avstraliya ştatının baş naziri yosunların çoxalmasını "təbii fəlakət" adlandırıb. Artıq bölgədəki istiridyə və midye təsərrüfatları bağlanıb.
Lokal hakimiyyət bu təhlükəli vəziyyətə qarşı tədbir görmək üçün 14 milyon Avstraliya dolları ayırdığını bildirib. Yosunların yayılması davam etdiyi üçün vəziyyətin daha da pisləşə biləcəyi ehtimal olunur.
Türkan İsgəndərli
tag: Avstraliya,Yosun,Zəhər,Ekologiya,Todaypress.tv,