Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azaldı
Dünya
05.07.2025 23:10
2025-ci ilin ilk yarısında Almaniyada sığınacaq almaq üçün müraciət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azalıb.
TodayPress TV xəbər verir ki, bu barədə Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) statistikası açıqlanıb.
Belə ki, cari ilin ilk altı ayında 61 336 nəfər Almaniyada ilk dəfə, 11 482 nəfər isə təkrar sığınacaq müraciəti edib. Halbuki 2024-cü ilin ilk yarısında bu göstərici ümumilikdə 132 201 nəfər təşkil edirdi.
Azalmanın əsas səbəbləri kimi Almaniyanın bütün sərhədlərində gücləndirilmiş yoxlama tədbirləri, Balkan ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı atdığı addımlar və Suriyada yaranmış yeni siyasi vəziyyət göstərilir.
Son illərdə sığınacaq üçün müraciət edənlərin əsas hissəsini Suriyadan gələnlər təşkil edirdilər. Lakin ötən ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkədən edilən müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu ilin ilk yarısında Suriyadan 15 127, Əfqanıstandan isə 15 181 sığınacaq müraciəti qeydə alınıb.
Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmi şəkildə dərc olunmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilin ilk yarısında ümumilikdə 65 495 sığınacaq müraciəti qəbul olunub. Bu göstərici ilə Almaniya Aİ-də üçüncü yerdə qərarlaşıb. İlk iki yeri İspaniya (76 020 müraciət) və Fransa (75 428) tutur. Siyahıda onları İtaliya (62 534) və Yunanıstan (27 718) izləyir.
Ən aşağı müraciət sayı isə Macarıstan (47), Slovakiya (84) və Litvada (152) qeydə alınıb.
tag: Almaniya,Sığınacaq,Miqrasiya,Qaçqın,TodayPress.tv,