Sığorta sistemi yenilənir: Taksi xidmətləri bahalaşacaq?
Cəmiyyət
03.04.2026 13:35
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanmasında taksi fəaliyyəti üçün 1.5 əmsalının tətbiqi ilk növbədə bu sahədə fəaliyyət göstərən sürücülərin xərclərinin artmasına gətirib çıxaracaq".
Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.

Onun sözlərinə görə, artıq taksi kimi istifadə olunan avtomobillər üçün sığorta ödənişi əvvəlki ilə müqayisədə daha yüksək olacaq və bu da illik sabit xərclərin artması deməkdir:
"Nəticə etibarilə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər və ya şirkətlər bu əlavə xərci kompensasiya etmək üçün xidmət haqlarına yenidən baxa bilərlər. Xüsusilə də bazarda rəqabətin zəif olduğu və ya tələbatın yüksək olduğu dövrlərdə qiymət artımı ehtimalı daha real görünür. Lakin burada mühüm məqam ondan ibarətdir ki, taksi qiymətləri yalnız sığorta xərcləri ilə müəyyən olunmur".
Ekspert əlavə edib ki, yanacaq qiymətləri, texniki xidmət xərcləri, platforma komissiyaları və bazardakı ümumi rəqabət mühiti də qiymətlərin formalaşmasına ciddi təsir göstərir:
"Bu səbəbdən, 1.5 əmsalının tətbiqi avtomatik və kəskin qiymət artımı ilə nəticələnməyə də bilər, amma mərhələli şəkildə və ya dolayı təsir formasında tariflərə müəyyən artım təzyiqi yarada bilər. Digər tərəfdən, bu dəyişiklik müəyyən mənada sığorta risklərinin daha düzgün qiymətləndirilməsinə xidmət edir. Çünki taksi avtomobilləri adi minik avtomobillərinə nisbətən daha intensiv istismar olunur və qəza riski daha yüksək olur. Bu baxımdan, sığorta haqqının artırılması sığorta sisteminin dayanıqlığını təmin etməyə yönəlib".
Adil Nəbiyev qeyd edib ki, ümumilikdə isə qısa müddətdə ciddi sıçrayış olmasa belə, orta və uzun müddətdə bu kimi əlavə xərclərin taksi xidmətlərinin qiymətinə müəyyən qədər təsir edəcəyi istisna edilmir.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Sığorta,Taksi,Todaypress.tv,
