Rayon icra hakimiyyətlərində yeni model: Müavinlər ön plana çıxır
Cəmiyyət
17.12.2025 13:00
Bakı şəhərinin rayonlarının bir sıra icra hakimiyyətlərində struktur dəyişiklikləri aparılıb. Belə ki, şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib və həmin şöbələrə rəhbərlik icra başçılarının müavinlərinə həvalə edilib.
Bu yenilənmə Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində həyata keçirilib.
Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili, eləcə də ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək. İcra hakimiyyəti başçısının müavini isə sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorlarına nəzarəti həyata keçirəcək.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilərək onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Sənədlərlə və vətəndaş müraciətləri, eləcə də hüquq və kadr məsələləri sektorları bu yeni şöbəyə tabe edilib.
Eyni zamanda icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunda da dəyişikliklər aparılıb. Bütün bu dəyişikliklərin iki ay ərzində tamamlanacağı bildirilir. Qeyd olunur ki, ixtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə digər dövlət qurumlarında müvafiq işlə təmin ediləcəklər.
Maraqlıdır ki, icra hakimiyyətlərində son həbslərdən sonra bu qurumların birdəfəlik ləğvi mövzusu yenidən gündəmə gəlmişdi. Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrarən rüşvət alma) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində icra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Bu hadisələrdən sonra struktur dəyişikliyinin baş verməsi icra hakimiyyətlərində dağınıq idarəetmənin optimallaşdırılması istiqamətində addımların atıldığını göstərir. Bu, eyni zamanda icra başçılarının müavinlərinin iş keyfiyyətinin artırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Sözügedən dəyişikliklər icra hakimiyyətlərinin gələcəkdə formalaşdırılacaq struktura uyğunlaşdırılması üçün əsas şərt hesab olunur.
İxtisar edilən işçilərin DİM xətti ilə digər dövlət qurumlarında işlə təmin edilməsi dövlətin kadr potensialının qorunması və kadr ehtiyatının möhkəmləndirilməsi baxımından mühüm addımdır.
Şöbələrin ləğv edilərək sektorların yaradılması idarəetmənin daha mərkəzləşdirilmiş formaya keçirilməsinə xidmət edir. Yeni dəyişikliklə icra hakimiyyəti başçısının birinci müavininin ümumi rəhbərlikdə rolu gücləndirilir. Birinci müavin faktiki olaraq aparat rəhbəri funksiyasını yerinə yetirərək qurumun ümumi fəaliyyətinə nəzarət edən əsas şəxsə çevrilir. Digər iki müavin isə iqtisadi və ictimai-siyasi sahələr üzrə nəzarət funksiyasını həyata keçirəcək.
Bu model icra başçılarının korrupsiya hallarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq hər bir müavin konkret sahəyə birbaşa cavabdehlik daşıyacaq və şöbə müdiri səviyyəsində daha geniş səlahiyyətlərə malik olacaq. Məsələn, memarlıq-tikinti şöbəsi sektor statusuna salınaraq sosial-iqtisadi məsələlər şöbəsinə birləşdirilir.
Balakən rayonunda keçirilən əməliyyat zamanı icra başçısının iş adamlarının fəaliyyətinə kobud müdaxiləsi faktları aşkar edilmişdi. Tikinti, iqtisadi məsələlər və informasiya texnologiyaları sahələrinin bir müavinin birbaşa rəhbərliyi altında birləşdirilməsi icra başçısının bu proseslərə birbaşa müdaxiləsinin qarşısını almağa yönəlib.
Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti başçısının müavinləri icra başçıları tərəfindən Prezident Administrasiyası ilə razılaşdırılmaqla təyin olunur. Eyni zamanda ictimai-siyasi, humanitar və ərazi-təşkilat məsələləri digər müavinin birbaşa rəhbərliyinə verilib ki, bu da icra başçılarının bələdiyyələrin fəaliyyətinə süni müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.
Beləliklə, islahatlar göstərir ki, icra hakimiyyətlərində görülən işlərə görə əsas məsuliyyət artıq icra başçılarının müavinlərinin üzərinə düşür. Bu, “korrupsiyaya bulaşmış icra başçısı” sindromunun zəiflədilməsinə də imkan yaradır. İcra başçıları isə əsasən ümumi koordinasiya və rəhbərlik funksiyasını icra edən vəzifəli şəxsə çevrilir.
Gələcəkdə bu strukturun daha da optimallaşdırılması mümkündür. Mövcud dəyişikliklər perspektivdə icra hakimiyyəti başçısı vəzifəsinin ləğv edilərək bu qurumların birbaşa regional prezident nümayəndəliklərinin strukturuna çevrilməsinə zəmin yarada bilər. Bu halda icra başçısının həyata keçirdiyi ümumi nəzarət funksiyası regional prezident nümayəndəliklərinə verilə bilər ki, bu da bölgələrdə idarəetmənin bir mərkəzdə cəmləşməsinin qarşısını almağa xidmət edər.
Bu baxımdan hazırkı struktur dəyişikliyi gələcəkdə referendum yolu ilə icra hakimiyyətlərinin prezident nümayəndəliklərinin tərkibinə daxil edilməsi və regional idarəetmə modelinin formalaşdırılması üçün əsas yarada bilər.
Zeynal Əmrəliyev - Today Press TV üçün xüsusi
tag: Zeynal Əmirəliyev,Politoloq,Rayon icra hakimiyyəti,Müavin,Todaypress.tv,
