İlanlar niyə sahil zonalarına hücum edirlər? - AÇIQLAMA
Cəmiyyət
17.07.2025 15:12
Yay mövsümündə sahil zonalarında tez-tez görünən ilanlar vətəndaşlarda narahatlıq yaradır.
Bu barədə TodayPress TV-yə danışan ekoloq Sevil Yüzbaşeva bildirib ki, mövcud məsələ ilə bağlı panikaya düşməyə ehtiyac yoxdur.
O vurğulayıb ki, ilanlar təbiətin ayrılmaz bir hissəsidir və təbii şəraitə uyğun olaraq müxtəlif ərazilərdə, o cümlədən çimərliklərdə də görünə bilərlər.
“İlanlar insanlara hücum etmir, əksinə təhlükə hiss etdikdə müdafiə olunmağa çalışırlar. Çox vaxt ərazidən uzaqlaşırlar, lakin özlərini təhdid altında hiss etdikdə dişləyə bilərlər. Bu, onların müdafiə refleksidir”.
İlanların çimərliklərə gəlmə səbəbləri arasında qida axtarışı, iqlim dəyişiklikləri və instinktiv davranışlar da göstərilir. Ekoloq əlavə edib ki, ilanlar gəmiricilər və həşəratlar üçün sahil zonalarına yaxınlaşa bilərlər.
S.Yüzbaşeva eyni zamanda ilan təhlükəsindən qorunmaq üçün bir sıra tövsiyələr də verib:
“İlana toxunmayın və onu tutmağa çalışmayın. Əgər ilan görsəniz, sakit qalın və uzaqlaşın. Xüsusilə otlu, daşlı sahil hissələrində ehtiyatla gəzin. Qapalı ayaqqabı və uzun geyimlərdən istifadə edin”.
Ekoloq vurğulayıb ki, ən əsası təmkinli olmaq və panikaya düşməməkdir. Əgər ilan sancması halı baş verərsə, dərhal tibbi yardıma müraciət olunmalıdır.
Töhfə Səməd
tag: Sevil Yüzbaşeva,Ekoloq,İlan,Sahil,Todaypress.tv,
