Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı

Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı
19.06.2025 12:43 Cəmiyyət

Bonn İyun İqlim Konfransı çərçivəsində iyunun 18-də “Bakıdan Belemə Yol Xəritəsi” ilə bağlı məsləhətləşmələrə dair xüsusi sessiya keçirilib.

TodayPress TV xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev inkişaf etməkdə olan ölkələrə göstərilən gücləndirilmiş dəstəyin onların fəaliyyətində daha yüksək ambisiyalara yol açacağını vurğulayıb.

Bildirib ki, BMT çərçivəsində artıq yüz milyardlarla dollar vəsait səfərbər olunsa da, məsələnin miqyası və təxirəsalınmazlığı daha qətiyyətli addımlar atmağı zəruri edib.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində əldə olunan ən mühüm razılaşmalardan biri kimi Bakı Maliyyə Hədəfini xüsusi qeyd edən COP29 Prezidenti vurğulayıb ki, Paris Sazişindən sonrakı ikinci onillik üçün bu yeni maliyyə hədəfi əvvəlki öhdəliklərin üçqat artırılması deməkdir. Bununla da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək ildə azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər olunması hədəflənir. Bu, BMT sistemində iqlim sahəsində indiyədək qəbul edilmiş ən böyük maliyyə öhdəliyidir.

Çoxtərəfli inkişaf banklarının bu prosesdə zəif iştirakını təəssüf hissi ilə qeyd edən M.Babayev bu məsələdə tərəflərin daha yüksək gözləntilərinin olduğunu bildirib və müvafiq səhmdarları yaranmış narahatlıqları aradan qaldırmaq üçün təcili hərəkətə keçməyə çağırıb.

Qeyd edilib ki, COP29 kontekstində həm iqlim böhranına reaksiya verən qurumlarla, həm də özəl sektorla daha sıx əməkdaşlığa ehtiyac var. Gələcəyin dayanıqlı iqtisadiyyatının qurulmasında özəl sektorun rolunun artırılması üçün aydın gözləntilər müəyyən edilməlidir.

“Biz bütün tərəfləri “Bakıdan Belemə Yol Xəritəsi” ətrafında aparılan məsləhətləşmələrdə fəal iştiraka dəvət edirik”, – deyən M.Babayev bildirib ki, güzəştli və öhdəliyə əsaslanan maliyyə məsələləri iqlim maliyyəsi sisteminin əsasını təşkil etməlidir. O, donorların Paris Sazişi üzrə öhdəliklərinə sadiqliyini yüksək qiymətləndirsə də, verilən vədlərin artıq reallaşdırılması vaxtının çatdığını qeyd edib: “Biz soruşuruq – adaptasiya üçün vəd edilən maliyyə haradadır? 2035-ci ilə qədər illik vəd edilən 300 milyard haradadır?”.

M.Babayev diqqətə çatdırıb ki, COP29 nümayəndələri bu məsələləri bu yaxınlarda İspaniyanın Sevilya şəhərində təşkil ediləcək İnkişafın müaliyyələşdirilməsi üzrə dördüncü beynəlxalq konfransda da gündəmə gətirəcək.

Bakı Maliyyə Hədəfi ilə iqlim maliyyələşməsində yeni dövrün başladığını qeyd edən COP29 Prezidenti bildirib ki, bu dövr yüksək ambisiyalar deyil, konkret fəaliyyətlər üzərində qurulmalıdır. M.Babayev hamını Yol Xəritəsinə qoşulmağa çağırıb.

COP30-un Prezidenti Andre Aranha Correa do Laqo bütün hökumətlərin iqlim maliyyəsi ilə bağlı müzakirələrə qoşulmasının vacibliyini vurğulayaraq, COP30 çərçivəsində əsas aktorlar, o cümlədən çoxtərəfli inkişaf qurumları ilə fəal təmasda olan xüsusi platformanın yaradılmasının əhəmiyyətini qeyd edib.

Yol Xəritəsinin hazırlanmasının bir neçə istiqamətdə paralel şəkildə aparıldığını vurğulayan COP30-un Prezidenti bu prosesdə müxtəlif tərəflərin rəy və təkliflərinin dinlənildiyini qeyd edib. O bildirib ki, məqsəd Bakı qərarından irəli gələn öhdəlikləri əks etdirən və oktyabrın sonunda təqdim ediləcək real və nəticəyönümlü Yol Xəritəsi hazırlamaqdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim fəaliyyətində inkişaf etmiş və etməkdə olan ölkələrin, Azərbaycan və Braziliya ilə birgə və əlaqəli şəkildə çalışmasının önəmini qeyd edib. O bildirib ki, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar məbləğində real və inandırıcı maliyyə dəstəyi tələb olunur. Fəaliyyətlərin forması müxtəlif ola bilər, lakin ehtiyaclar ortaqdır və məhz buna görə bu fəaliyyət vacib əhəmiyyət kəsb edir. Bu, həm siyasi, həm də institusional səviyyədə sistemin imkanlarını hərəkətə keçirə biləcək dönüş nöqtəsidir. Eyni zamanda, bütün maraqlı tərəflər – ictimaiyyət, siyasətçilər və maliyyə qurumları bu prosesə töhfə verə bilərlər.

Dünya üzrə su resurslarının qorunması və inkişafı üçün maliyyə mexanizmlərinin daha əlçatan, sürətli və effektiv olmasının vacibliyinə toxunan icraçı katib bildirib ki, bu istiqamətdə praqmatik ictimai maliyyə modelləri və genişlənmiş icra mexanizmləri zəruridir. Bunlar Yaşıl İqlim Fondu (GCF), Adaptasiya Fondu, İtki və Zərər Fondu kimi iqlim maliyyəsi strukturlarının gücləndirilməsini, su sahəsində ixtisaslaşmış maliyyə mexanizmlərinin yaradılmasını və institusional dəstəyi əhatə edir.

Qarşıda duran siyasi və iqtisadi çağırışların öhdəsindən gəlinməsinin yalnız birgə və koordinasiyalı yanaşma ilə mümkün olduğunu deyən S.Stil bildirib ki, bu proses şəffaf, faktlara əsaslanan, məqsədlərə və nəticələrə yönəlmiş bir mühitdə aparılmalıdır. O, Bakıda formalaşan əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsətin dəyərləndirilərək real dəstəyə və təsirə əsaslanan, ən çox ehtiyac olan sahələrdə real nəticələr verə bilən addımların atılmasının önəmini qeyd edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev və Braziliyanın Fransadakı səfirliyinin iqlim dəyişmələri və ətraf mühit departamentinin rəhbəri Luis de Andrade de Filho Yol Xəritəsinin hazırlanması prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, proses çərçivəsində indiyədək qəbul edilən 116 təqdimatdan 20-sinin tərəflər və tərəf qrupları, 96-sının isə QHT-lər, tədqiqat institutları, hökumətlərarası təşkilatlar, maliyyə və biznes qurumları, şəhərlər və akademiya da daxil olmaqla müxtəlif maraqlı tərəflər tərəfindən təqdim edilib. Bu, əksər iştirakçıların birlikdə işləmək və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini ildə azı 1,3 trilyon dollara çatdırmaq niyyətində olduğunu əyani şəkildə göstərir.

Çıxışlardan sonra Yol Xəritəsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə müxtəlif ölkə qrupları adından, eləcə də milli səviyyədə təkliflər səsləndirilib.

FOTOLAR

Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı — 1
Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı — 2
Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı — 3
Bonn İqlim Sammiti çərçivəsində məsləhətləşmələr aparıldı — 4
XƏBƏR LENTİ
02 IYUN 2026
Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Maştağada güclü yanğın başladı - VİDEO 23:35 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Bütün Xəbərlər