Aydın Bəkirov: “Yeni nəsil qatarlar sərnişinlər üçün daha səssiz və təhlükəsiz olacaq”
Cəmiyyət
07.11.2025 10:46
“Bakı Metropolitenində yeni alınmış qatarlardan üçü xəttə buraxılmağa hazırlanır. İlin sonuna qədər daha üç qatarın da istifadəyə verilməsi planlaşdırılır”.
TodayPress TV xəbər verir ki, bunu Bakı Metropoliteninin Depolar üzrə iş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
Onun sözlərinə görə, yeni nəsil qatarlarda tətbiq olunan texnoloji yeniliklər həm idarəetmə sistemini müasirləşdirib, həm də sərnişinlərin rahatlığını artırıb:
“Əvvəlki modellərlə müqayisədə bu qatarlarda idarəetmə sistemi tam yenilənib, daha müasir proqram təminatı ilə təchiz edilib. Bu, istismar zamanı yarana biləcək hər hansı nasazlığın maşinist tərəfindən operativ və çevik şəkildə aradan qaldırılmasına imkan verir”.
Baş mühəndis bildirib ki, yeni qatarların salon hermetikliyi də gücləndirilib:
“Bu, daxildə səs səviyyəsinin azalmasına, daha sakit və komfortlu səyahət şəraitinin təmin olunmasına xidmət edir”.
Aydın Bəkirov vurğulayıb ki, Bakı Metropoliteninin əsas məqsədi sərnişinlərin təhlükəsiz, rahat və vaxtında mənzil başına çatdırılmasıdır:
“Qatarların xəttə buraxılması prosesi mərhələli şəkildə həyata keçirilir. Hər bir texniki detal diqqətlə yoxlanılır. Bizim üçün əsas məsələ sərnişin təhlükəsizliyidir, buna görə də metropoliten kollektivinin gündəlik işi məhz bu məqsədə xidmət edir”.
Qiymət Mahir
tag: Bakı,Metropoliten,Vaqon,Sərnişin,Todaypress.tv,
