Neft və ekologiya: Qayana tarazlığı necə saxlayır?
“İqtisadi inkişafla yanaşı sosial və ekoloji tarazlığın qorunması əsas çağırışdır”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Qayananın Mənzil və Su Təchizatı Naziri Collin David Croal deyib.
O bildirib ki, Qayana hazırda sürətli iqtisadi artım dövrünü yaşayır və bu artım əsasən ölkədə neft hasilatının başlanması ilə bağlıdır.
Collin David Croal qeyd edib ki, ölkə təxminən 10 ildir neft istehsalı mərhələsinə daxil olub və bu, həm böyük iqtisadi imkanlar, həm də yeni sosial çağırışlar yaradıb.
Nazir bildirib ki, iqtisadi artım paralel olaraq miqrasiyanın artması və şəhərlərdə mənzil tələbinin yüksəlməsi ilə müşayiət olunur.
O, həmçinin Qayananın ətraf mühitin qorunması sahəsində “Aşağı Karbon İnkişaf Strategiyası 2030” çərçivəsində mühüm siyasət həyata keçirdiyini vurğulayıb.
Collin David Croal qeyd edib ki, Qayana karbon kreditləri vasitəsilə ətraf mühitin qorunmasını iqtisadi dəyərə çevirə bilən azsaylı ölkələrdəndir.
Nazir əlavə edib ki, əsas çağırışlardan biri də əlçatan mənzil təminatıdır və bu sahədə artan dünya qiymətləri ilə real vəziyyət arasında balansın qorunması vacibdir.
Onun sözlərinə görə, məqsəd ən həssas qrupların daha təhlükəsiz və əlçatan yaşayış şəraitinə çıxışını təmin etməkdir.
Qiymət Mahir