Birini arxa qapıdan, digərini ön qapıdan qırmızı xalça ilə...
ABŞ Prezidenti Donald Trampın Pekinə rəsmi səfəri zamanı protokol qaydalarının qaldırılması və təmtərahlı qarşılanma mərasimi Barak Obamanın 2016-cı il Çin səfərində yaşanan hadisələri yenidən gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, diplomatik protokollarda kəskin fərq gözdən yayınmayıb.
Belə ki, 2016-cı ildə Obama G20 sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə eniş edərkən diqqətçəkən protokol insidenti yaşanmışdı. “Air Force One” üçün ənənəvi mobil trap təqdim edilmədiyi üçün Obama təyyarənin əsas ön çıxışı əvəzinə alternativ çıxışdan istifadə etmişdi. Hadisə həmin dövrdə beynəlxalq mediada geniş rezonans doğurmuşdu.
Aradan keçən illərdən sonra isə Trampın Çin səfəri ilə bağlı yayılan görüntülər yeni müqayisələrə səbəb olub. Sosial mediada paylaşılan kadrlarda qırmızı xalça, rəsmi qarşılama mərasimi və daha geniş protokol elementləri ön plana çıxarılıb. Bu görüntülər fonunda istifadəçilər Pekinin Vaşinqtonla münasibətlərində simvolik diplomatik mesajlar verdiyini iddia edirlər.
Beynəlxalq münasibətlər üzrə müşahidəçilər qeyd edirlər ki, dövlət başçılarının hava limanında qarşılanma forması vacib siyasi mesaj kimi də qəbul oluna bilər. Obama dövründə yaşanan “trap böhranı” hələ də ABŞ–Çin diplomatik münasibətlərində ən çox xatırlanan protokol hadisələrindən biri hesab olunur.
Jalə Rövşən