Rusiya Ermənistanı işğala hazırlaşır - PUTİNİN PLANI
Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyindən (EAƏB/EAEU) çıxarılması ilə bağlı xüsusi layihə hazırlayıb və onu dövriyyəyə buraxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Qəzetin məlumatına əsasən, mayın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası ərəfəsində Ermənistan rəhbərliyi ciddi narahatlıq keçirir.
Rusiya tərəfi Ermənistandan aydın seçim tələb edir: ya Avrasiya İqtisadi Birliyində qalıb Avropa İttifaqına inteqrasiya prosesindən imtina etmək, ya da Birlikdən çıxmaq.
“Hraparak” bildirir ki, Rusiya Ermənistanın EAƏB-dən çıxarılması haqqında rəsmi layihə təklif etsə də, Qazaxıstan buna veto qoyub. Qeyd olunur ki, Birlikdə qərarlar konsensus əsasında qəbul olunur. Erməni tərəfi Qazaxıstanı “türk-azərbaycan maraqlarını” müdafiə edən ölkə kimi qiymətləndirir.
Mənbə vurğulayır ki, Rusiya Ermənistanı rəsmən Birlikdən çıxarmasa belə, ikitərəfli mexanizmlər vasitəsilə Ermənistana ağır iqtisadi zərbələr vura bilər.
İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək, Baş nazir Nikol Paşinyanın iştirak etməyəcəyi bildirilir.
Rusiya ilə Ermənistan arasında münasibətlər son illərdə sürətlə pisləşir. Paşinyan hökumətinin Qərbə doğru açıq meyli və KTMT-dən faktiki uzaqlaşması Moskvanı ciddi narazı salıb.
Proses göstərir ki, Rusiya artıq yumşaq danışıqları kənara qoyub və konkret təzyiq alətlərindən istifadə etməyə başlayıb.
Ermənistan üçün bu, seçkiqabağı ( iyunun 7-si Ermənistanda parlament seçkiləri keçiriləcək) ağır iqtisadi itkilər və yeni geosiyasi böhran demək ola bilər.
Jalə Rövşən