Elnur Eltürk: "Azərbaycanın Kahramanmaraşa dəstəyi unudulmayacaq"
Xarici siyasət
12.06.2025 12:23
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan tərəfindən Kahramanmaraşda inşa edilən yeni məhəllənin açılışı iyun ayında baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat verən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün açılışın iyun ayı ərzində nəzərdə tutulduğunu, lakin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib.
O, Azərbaycanın bu mənalı dəstəyinin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin gücünü bir daha nümayiş etdirdiyini vurğulayıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Türk Aksakalları Birliyi (TAİB) sədr müavini, beynəlxalq münasibətlər üzrə ekspert Elnur Eltürk isə Azərbaycan-Türkiyə qardaşlığının yalnız bu günə deyil, dərin tarixi köklərə dayandığını bildirib. Onun sözlərinə görə, Balkan və Birinci Dünya müharibələri dövründə Azərbaycan türkləri Osmanlı ilə çiyin-çiyinə mübarizə aparıb, xüsusilə 1915-ci ildə Çanaqqala savaşında nümayiş etdirilən həmrəylik bu əlaqələrin rəmzidir. 1918-ci ildə Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakı və ətraf bölgələrin işğaldan azad olunmasında oynadığı rol isə bu bağların möhkəmliyini sübut edib.
Eltürk bildirib ki, bu əlaqələr yalnız tarixlə məhdudlaşmır:
“Bu gün Azərbaycan və Türkiyə siyasi, iqtisadi və hərbi sahələrdə də yaxın əməkdaşlıq edir, beynəlxalq platformalarda birgə mövqe sərgiləyir. Liderlərimizin səmimi münasibətləri xalqlar arasında dostluğu daha da gücləndirir. Bizi həm sevinc, həm də kədər birləşdirir və bu duyğular siyasətə də sirayət edir”.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycanın Kahramanmaraşda inşa etdiyi məhəllə bu qardaşlığın sözlə deyil, əməli şəkildə həyata keçirildiyini nümayiş etdirir:
“Bu addım yalnız diplomatik jest deyil, xalqdan xalqa, qəlbdən qəlbə bir körpüdür. Azərbaycan bu dəstəyi təkcə sözlə deyil, konkret əməllə göstərir və bu, əsla unudulmayacaq bir nümunədir".
Azərbaycanın bu addımı təkcə zəlzələ bölgəsində yaraların sağalmasına deyil, eyni zamanda iki qardaş xalq arasında mənəvi bağların möhkəmlənməsinə də töhfə verir. Gözlənilir ki, açılış mərasimi Azərbaycan-Türkiyə dostluğunun beynəlxalq ictimaiyyətə güclü mesajı olacaq.
tag: Azərbaycan,Kahramanmaraş,Türkiyə,Elnur Eltürk,Birol Akgün,todaypress.tv,