Ukrayna xaricə qoşun göndərəcək: Təhlükəsizliyə zəmanət, yoxsa...
Təhlil
23.09.2025 16:07
Ukrayna parlamenti qoşunların xaricə göndərilməsinə icazə verən qanun layihəsini təsdiqləməyə hazırlaşır. Bu, ölkənin beynəlxalq mövqelərinə və Qərblə münasibətlərinə təsir edəcək mühüm addım kimi dəyərləndirilir.
Politoloq Telman Nüsrətoğlu məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, Ukrayna parlamentinin bu qərarı, əslində, Avropaya və Qərb cinahına bir təklif və güc nümayişi kimi də dəyərləndirilə bilər.
"Kiyev göstərmək istəyir ki, Rusiya ilə müharibədə bərkimiş ordusu gələcəkdə Qərbin maraqları naminə də istifadə oluna bilər”.
Ekspertin sözlərinə görə, Ukraynanın cəbhədə mövqeyi kifayət qədər çətindir:
“NATO əvvəlcədən ehtiyatlı yanaşaraq Ukraynanın üzvlüyünə açıq dəstək vermədi və Rusiya ilə total qarşıdurmadan qaçmağa çalışdı. Avropa ölkələrinin hərbi sənayesi zəifdir, orduları da məhdud imkanlara malikdir. Ona görə cəbhədə formalaşan Ukrayna ordusu Avropa üçün mühüm element ola bilər. Amma Avropa bu müharibəni nə qədər davam etdirə və hərbi dəstək imkanlarını hansı səviyyədə saxlayar bilər bu, açıq sualdır”.
Telman Nüsrətoğlu əlavə edib ki, ABŞ və Avropa İttifaqının Ukraynaya yanaşmaları da üst-üstə düşmür. ABŞ Rusiya ilə münasibətləri tam korlamaq və Moskvanı Çinin yaxın müttəfiqi halına gətirmək istəmir. Buna görə də Ukraynanın bütün cəhdlərinin geosiyasi mənzərəni dəyişib-dəyişməyəcəyi hələ qeyri-müəyyəndir. Əsas məsələ odur ki, Ukrayna döyüş cəbhəsində qələbə qazansın və rus ordusunu öz torpaqlarından çıxarsın. Ancaq bu baş vermədiyi halda, qoşunların xaricə göndərilməsi ilə bağlı qərar hərbi təhlükəsizlik baxımından böyük üstünlük hesab edilə bilməz.
Jalə Rövşən
tag: Telman Nüsrətoğlu,Politoloq,Ukrayna,Ordu,Todaypress.tv,
