Trampın Ukrayna ilə bağlı ŞOK PLANI ÜZƏ ÇIXDI: İqtisadi maraqlar, təbii sərvətlər...

Təhlil

01.08.2025 16:40

“Trampın əsas məqsədi Rusiya ilə savaş yox, Ukraynadakı münaqişənin dayandırılmasıdır”. 

Politoloq Elçin Xalidbəyli bunu Todaypress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə savaşmaq və ya Moskvanı zəiflətmək niyyətində deyil, əksinə, əsas hədəfi Ukrayna münaqişəsini dayandırmaqdır. 

“Tramp administrasiyası üçün Ukraynadakı müharibənin əsas problemi ABŞ-nin iqtisadi maraqlarına zərbə vurmasıdır. Belə ki, Vaşinqton rəsmi Kiyevlə Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı strateji müqavilələr imzalayıb. Lakin hazırkı müharibə həmin sazişlərin həyata keçirilməsinə ciddi maneə yaradır”. 

Analitikin fikrincə, Ukraynaya ABŞ sərmayəsinin yatırılması, infrastrukturun qurulması və sabitliyin təmin olunması münaqişənin bitməsindən asılıdır. ABŞ şirkətləri hazırda riskli mühitə daxil olmaq istəmədikləri üçün Tramp administrasiyası sülhə üstünlük verir. Bununla belə, Ukraynanın gələcək siyasi taleyi və ya daxili məsələləri Tramp üçün prioritet deyil. 

Onun sözlərinə görə, Kreml də bu vəziyyətdən xəbərdardır və ABŞ-ni “şantaj etməyə” çalışır. Rusiya, münaqişəni davam etdirərək Vaşinqtonu kapitulyasiya xarakterli sülhə razı salmağa cəhd edir. Lakin nə Ukrayna, nə Avropa ölkələri, nə də Tramp tərəfdarları bu şərtlərlə razılaşmaq niyyətindədir. 

Ekspert əlavə edib ki, əgər razılaşma baş tutmasa, ABŞ və Qərb daha sərt mövqe tutmalı olacaq: Rusiya və onunla ticarət əlaqələri olan ölkələrə sanksiyalar tətbiq oluna bilər. 

“Nəticədə, avqustun 8-dən sonra Ukrayna müharibəsinin gələcək trayektoriyası daha aydın görünəcək”, - deyə politoloq fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edəcək. Tramp jurnalistlərlə söhbəti zamanı bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək, lakin bu tədbirlərin Rusiya Prezidenti Vladimir Putinə ciddi təsir göstərəcəyinə əmin deyil. 

Aysel Mətləb

tag: Elçin Xalidbəyli,Politoloq,Tramp,Ukrayna,Todaypress.tv,

photo