Tramp planı İŞƏ SALIR: "Ya cəsədlər, ya da..."

Təhlil

28.10.2025 10:27

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində yazıb ki, HƏMAS ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmasa, ona qarşı tədbirlər görüləcək:


"HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini mümkün qədər tez qaytarmağa başlamalı olacaq, əks halda, bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcəklər".

ABŞ liderinin nəzərdə tutduğu “tədbir” nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Yaxın Şərq, o cümlədən Fələstin məsələsi son yüz ildə həlli ən çətin olan konfliktlərdən biridir:


“Qəzza bölgəsində son iki ildə baş verənlər dünya savaşına səbəb ola biləcək münaqişə xarakteri daşıyır. Hər nə qədər zaman-zaman tərəflər arasında atəşkəs elan edilsə də, sükunət uzun çəkməyib və hər dəfə qarşıdurma daha da şiddətlənib. ABŞ Prezidenti Donald Trampın münaqişəni sonlandırmaq cəhdi təqdirəlayiq olsa da, problemin köklü həllini özündə əks etdirmir. İki dövlətli həll planı əsaslandırılmış və beynəlxalq zəmanətlə təqdim edilmədən bu qədim münaqişənin həlli mümkün deyil”.

Ekspertin sözlərinə görə, bütün məsuliyyəti yalnız HƏMAS-ın üzərinə qoymaq və ondan tələb etmək çıxış yolu deyil. Məsələ, əslində, təkcə İsrail–Fələstin və ya Qəzza problemi ilə məhdudlaşmır. Problemin kökündə dini tarix, kimlik və duyğular dayanır.


“Qərbin HƏMAS-a zaman-zaman verdiyi dəstəyin arxasında haqq və ədalət deyil, katolik–xristian Avropanın dini-siyasi maraqları durur. Əfsuslar olsun ki, tarix boyu Yaxın Şərqdə baş verən müharibələrin böyük əksəriyyəti dini duyğuların və təəssübkeşliyin təsiri altında cərəyan edib. Bu gün də həmin əlamətlərin mövcudluğu açıq-aşkar görünür”, - deyə o bildirib.

F.Məhərrəmlinin qənaətincə, ABŞ liderinin səylərinin uğur qazanma ehtimalı azdır:

“Donald Trampın münaqişəni bitirmək səyləri isə, təəssüf ki, birtərəfli maraqlara əsaslandığı üçün uğur qazanmaq ehtimalı zəif görünür”.

Qiymət Mahir

TodayPress TV

tag: Fəqani Məhərrəmli,Politoloq,Tramp,Qəzza,Todaypress.tv,