"Onlar öz maraqları üçün sülhə mane olublar" - Natali Aleksanyan AÇIQLADI

Təhlil

08.08.2025 17:37

“Sülh sazişinin paraflanması Ermənistanın gələcəyi üçün taleyüklü dönüş nöqtəsi ola bilər, lakin bu, yalnız daxildəki xəyanətkar strukturlar, xüsusilə keçmiş “Qarabağ klanı”nın siyasi və hüquqi meydandan sıxışdırılıb çıxarıldığı təqdirdə mümkün olacaq. Məhz onlar onilliklər boyunca öz hakimiyyətlərini və maraqlarını dövlətin maraqlarından üstün tutaraq sülh proseslərinə mane olublar”.

Erməni jurnalist Natali Aleksanyan bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, Vaşinqtonda baş tutacaq görüşdə müzakirə olunması gözlənilən mövzuları şərh edib. 

ATƏT-in Minsk qrupundan bəhs edən N.Aleksanyan bu qrupun çoxdan buraxılmalı olduğunu bildirib:

“ATƏT-in Minsk qrupu uzun illər ərzində siyasi fəaliyyətsizliyin simvoluna çevrilmişdi və bu status-kvonun qorunub saxlanmasının əsas tərəfdarları keçmiş “Qarabağ klanı”nın nümayəndələri idi. Onlar üçün bunu saxlamaq vacib idi ki, bu bəhanə ilə resursları və xalqın taleyini nəzarətdə saxlaya bilsinlər. Bu gün həmin qrupun buraxılması zəruri və çoxdan gecikmiş addımdır”.

Jurnalist Ermənistan ilə ABŞ arasında imzalanacaq sazişlərdən də danışıb:

“Ermənistan ilə ABŞ arasında imzalanacaq yeni ikitərəfli sazişlər ölkənin milli təhlükəsizlik sistemini yenidən qurmaq gücünə malikdir. Lakin bu prosesdə son dərəcə ehtiyatlı davranmaq lazımdır ki, keçmiş “Qarabağ klanı”nın revanşist və kölgə əlaqələri bu təşəbbüsə zərər vurmasın. Məhz bu qüvvələr uzun illər ərzində Ermənistanın diplomatik əlaqələrini təhrif edərək dövlət maraqlarına zidd fəaliyyət göstəriblər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dəvətilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ABŞ-də rəsmi səfərdədirlər. Bakı vaxtı ilə 22:30-da görüşlər başlanacaq. 

Sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupundan birgə çıxış barədə bəyanat, ABŞ ilə ikitərəfli sazişlər, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirəsi gözlənilir. 

Qiymət Mahir

tag: Natali Aleksanyan,Erməni jurnalist,Sülh,Maraqlar,Todaypress.tv,

photo