"Kremlə bağlı dairələr Azərbaycanı neytrallıqdan çıxarmağa çalışır" – Politoloq AÇIQLADI
Təhlil
30.07.2025 12:23
“Son günlərdə rusiyalı şovinist çevrələrin və Kremlə yaxın “Z-blogerlər”in Azərbaycana qarşı yönəltdiyi ittihamlar təkcə qaz tədarükü ilə bağlı deyil, daha geniş geosiyasi narahatlıqlardan qaynaqlanır”.
Siyasi şərhçi, vəkil Polad Mehdiyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanın Ukraynaya qaz satmasını tənqid edir və bu əməkdaşlığı hədəf alırlar. Əslində bu hücumlar təkcə qazla bağlı deyil, daha geniş geosiyasi narahatlıqları özündə ehtiva edir.
“Azərbaycan bu gün həm Ukrayna ilə, həm də digər ölkələrlə enerji sahəsində əməkdaşlıq edən, müstəqil siyasət yürüdən ölkədir. Ukraynaya qaz dəstəyi də bu siyasətin bir hissəsidir və Rusiyanın maraqları ilə üst-üstə düşmür”.
Şərhçinin fikrincə, Kremlə bağlı dairələr ittiham yolu ilə Azərbaycanın mövqeyinə təzyiq göstərmək və onu neytrallıqdan çıxarmağa çalışırlar. Hətta gələcəkdə bu informasiya hücumları konkret təzyiqlərə, enerji marşrutlarına və layihələrə maneələrə də çevrilə bilər. Amma eyni zamanda bu ritorika onu göstərir ki, Azərbaycan regionda artan təsir gücü ilə artıq Rusiyanın narahatlıq doğuran aktoruna çevrilib.
“Bu, ölkəmizin geosiyasi gücünün artdığını göstərir. Buna əsasən, rəsmi Bakı balanslı siyasətini davam etdirməli, beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı gücləndirməli və enerji marşrutlarını daha da təhlükəsiz etməlidir”, - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, rusiyalı şovinist dairələr Ukraynaya qaz satdığına görə Azərbaycanı hədəfə alıblar.
Töhfə Səməd
tag: Polad Mehdiyev,Siyasi şərhçi,Azərbaycan,Rusiya,Todaypress.tv,
