Münasibətlərdə gərginlik: Qərbin mövqeyi İsrailə necə təsir edəcək?
Təhlil
22.09.2025 14:44
“Hazırda Qərb dövlətlərinin, xüsusilə də Avropa Birliyi ölkələrinin İsrailə münasibəti neqativ məzmun daşıyır”.
Siyasi şərhçi Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, İsrailin Qərb dövlətləri ilə münasibətlərində gərginlik yaranıb:
“Bəzi Qərb ölkələri, xüsusilə də Fransa, İspaniya və Almaniya artıq Fələstinin müstəqilliyini tanımaq niyyətlərini bəyan ediblər. Onlar İsrailin siyasətinə qarşı daha sərt mövqelər nümayiş etdirərək Fələstin dövlətinin tanınması barədə qərar qəbul ediblər. Bununla yanaşı, İspaniya İsraillə hərbi əməkdaşlıq müqavilələrini ləğv edib. Avropa Birliyi isə İsrailə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı müzakirələrə başlayıb”.
Politoloq vurğulayıb ki, bunun əsas səbəbi İsrailin Yaxın Şərqdə hərbi əməliyyatlar aparması və nəticəsində çoxlu sayda insan tələfatının yaşanmasıdır. Əgər vəziyyət belə davam edərsə, Qərb dövlətlərinin İsrailə qarşı daha sərt və prinsipial addımlar atması qətiyyən istisna deyil.
Elçin Xalidbəyli hesab edir ki, Qərbin bu mövqeyi gələcəkdə İsrailin beynəlxalq arenadakı mövqelərinə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, sentyabrın 22-dən 29-dək Beynəlxalq diplomatiyanın böyük görüşü olan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçiriləcək. Təşkilatın əsas mövzuları Fələstinin tanınması və İsraillə münasibətlərin düzəldilməsi olacaq.
Türkan İsgəndərli
tag: Elçin Xalidbəyli,Politoloq,İsrail,Avropa,Todaypress.tv,
