Millət vəkili: "Bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb"
Təhlil
15.06.2025 15:30
"15 iyun 1993-cu il Azərbaycanın unudulmaz tarixidir. Bu tarix hələ uzun illər xatırlanacaq və Ulu Öndər Heydər Əliyevin vətən qarşısında xidmətləri dönə-dönə qiymətləndiriləcək".
Milli Məclisin deputatı Tahir Rzayev bunu TodayPress TV-yə danışarkən deyib.
O, həmin dövrün çətinliklərindən bəhs edib:
"Həmin günlər Azərbaycanın ən böhranlı, ən ziddiyyətli dövrü idi. Bir tərəfdən, torpaqlarımız erməni işgalçıları tərəfindən zəbt olunur, şəhər və kəndlərimiz talanır, digər tərəfdən, vəzifə uğrunda mübarizə genişlənirdi. Müsavat və Xalq Cəbhəsi cütlüyü vəzifədə olmaq, digər silahlı qruplaşmalar da hakimiyyətə gəlmək üçün torpaq sevgisini tamamilə unutmuşdular. Belə bir dövrdə ordunun varlığından, insanların fəallığından, ordu quruculuğundan, idarə etmədən danışmaq mümkün deyildi. Ölkədə xaos yaşanırdı, özbaşınalıq idi. Belə dövrdə hakimiyyətdə güclü liderin olması ölkəni gələcək faciələrdən qurtarmaq demək idi. Belə lideri də xalq Heydər Əliyevin simasında görürdü. Dövrün böyük çətinlikləri qarşısında qədir bilən xalqımız ona üz tutdu və Bakıya gəlməsi üçün bütün zəruri vasitələrdən istifadə olundu. Heydər Əliyev Azərbaycanın çətin vəziyyətini görüb Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi. Az müddətdə silahlı qruplaşmalar ləğv edildi, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, orduda müəyyən intizam bərpa edildi. O, "Əsrin müqaviləsi"nə imza atmaqla ölkəni iqtisadi böhrandan çıxardı və bu günün neft strategiyasının əsasını qoydu. Torpaq islahatını həyata keçirməklə kəndlinin öz torpağının sahibi olmasına nail oldu. O dövrdə bu, çox vacib və düşünülmüş islahat idi. Çünki Azərbaycan artıq öz müstəqilliyini təmin etmişdi, zavodlar, fabriklar, sənaye müəssisələri ittifaqla əlaqələri kəsmişdi. Azərbaycan Ulu Öndərin sayəsində beynəlxalq aləmə çıxa bildi və dünyada böyük nüfuz qazandı".
Deputat Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti tərəfindən indi davam etdirildiyini qeyd edib:
"Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyevin ideyalarına arxalanaraq iqtisadi inkişafı təmin edib, düşmən üzərində tarixi qələbələr qazanıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz və söz sahibdir. Bu ideyalar dünya xalqlarının taleyində mühüm rol oynamağa qadir idi. Çünki mayasında demokratiya, sülh, humanizm dayanır. Bu ideyaları İlham Əliyev davam etdirərək dünyada sülhün carçısı rolunda çıxış edir. Məhz buna görə də 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb".
Qiymət Mahir
tag: Milli Qurtuluş Günü,Heydər Əliyev,Əsrin müqaviləsi,todaypress.az,
