İran elitası iki hissəyə bölündü: AEBA-nın ziyarəti nəyə hesablanıb?

Təhlil

05.08.2025 10:36

“İranın BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığı bərpa etməsi siyasi gərginliyin azalmasına töhfə verə bilər”.  

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib. 

O vurğulayıb ki, əməkdaşlığın bərpası hər iki tərəf üçün faydalıdır. İran bu addımla Qərbin ona qarşı olan təzyiqlərini yumşalda bilər. Xüsusilə ABŞ-dən gələn təhdidlərin intensivləşdiyi bir vaxtda bu əməkdaşlıq dialoqa zəmin yaradacaq. 

“Əsas məsələ İranın nüvə proqramına texniki nəzarətdən daha çox, tərəflər arasında siyasi münasibətlərin normallaşdırılmasıdır. Tehran məhz bu istiqamətdə addım atmağa meyllidir”. 

Analitik hesab edir ki, tərəflər arasında razılıq əldə olunarsa, gələcəkdə texniki əməkdaşlığın qurulması da mümkündür. Bununla belə, İran daxilində bu dialoqa qarşı çıxan qüvvələrin mövcudluğu danılmazdır: 

“Hazırkı mərhələdə İran lideri Məsud Pezeşkian ölkə daxilindəki fikir ayrılıqlarını aradan qaldırmalı və vahid mövqe formalaşdırmalıdır. Əgər Tehran daxilində birlik təmin olunarsa, İran siyasi iradə nümayiş etdirərək AEBA ilə əməkdaşlığa qayıda bilər”, - deyə o əlavə edib. 

Z.Əmrəliyevin sözlərinə görə, İran rəhbərliyinin Qərblə münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradə ortaya qoyması vacib şərtdir. 

Qeyd edək ki, “Al Mayadeen” mənbələrinə görə, növbəti həftə AEBA nümayəndə heyəti Tehrana səfər edəcək. Belə ki, danışıqlarda əsas diqqət məsələnin siyasi tərəfi olacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq. Tərəflərin İran parlamenti tərəfindən qəbul edilən və agentliklə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunun icra mexanizmlərini müzakirə edəcəyi gözlənilir. 

Aysel Mətləb

tag: Zeynal Əmirəliyev,Politoloq,İran,AEBA,Todaypress.tv,

photo