Ermənistanın taleyi həll olunur: Paşinyanı devirəcəklər?

Təhlil

11.06.2025 15:44

“Ermənistanda davam edən daxili siyasi ziddiyətləri əvvəldən proqnozlaşdırırdıq, çünki Ermənistan çox mühüm mərhələyə qədəm qoyur. Bu, seçki dövrü ilə bağlıdır”.  

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.   

Ekspert düşünür ki, Ermənistandakı parlament seçkiləri ölkənin gələcək müqəddəratını təyin edəcək: 

“Sonuncu parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədə məğlub olmasına rəğmən etimad qazandı, mandat əldə etdi və Ermənistanın keçmiş liderləri ilə müqayisədə daha üstün göründü. Əhali müharibəyə yox, sülhə səs verdi. Hazırda vəziyyət bir qədər dəyişir, amma istənilən halda Paşinyanın reytinqi çox yüksəkdir. Çünki həm kilsə, həm də meydanlar vasitəsi ilə Paşinyanı devirmək planları bundan öncəki dövrdə iflasa uğramışdı. Hazırda da eyni rıçaqlardan istifadə olunur, müxtəlif nümayişlərə çağırışlar, digər tərəfdən kilsənin Paşinyana qarşı müqaviməti özünü göstərir. Lakin Paşinyanın arqumenti daha güclüdür. Məhz kilsəyə qarşı olan fikirlərində din ilə daban-dabana zidd olan yanaşmaları öz siyasi nüfuzu üçün məharətlə istifadə edir. Eyni zamanda Paşinyanın əsas yürütdüyü siyasi xətt sülh yönündədir”.  

Analitik Paşinyanın sülhdə maraqlı olduğunu daha çox göstərməli olduğunu bildirib: 

“O, sülhdə daha çox maraqlı olduğunu nümayiş etdirmək üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı daha tutarlı addımlar atmalıdır. Əks təqdirdə, sülhdə maraqlı olmadığını ortaya qoyacaq. Bu da təhlükəsizlik sistemi üçün böyük problemlərə yol açır. Digər tərəfdən, Nikol Paşinyan qarşıdakı dövrdə daha çox öz siyasi nüfuzu haqqında düşünməyə çalışacaq və bu da kənar geosiyasi oyunçuların regiona nüfuz etməsi ilə nəticələnə bilər”. 

Qeyd edək ki, Ermənistanın siyasi sferasında Baş nazir Nikol Paşinyana qarşı mübarizə günü-gündən güclənir. Məlumata görə, artıq Paşinyana etimadsızlıq prosesi başladılıb. 

Qiymət Mahir

tag: Nikol Paşinyan,Ermənistan,Kilsə,Təhlil,İlyas Hüseynov,Politoloq,todaypress.tv,

photo