Çevrilişə cəhd: Ermənistan hakimiyyəti üçün ciddi təhlükələr var!
Təhlil
25.06.2025 15:47
“Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistan hakimiyyəti üçün real təhlükədir”.
Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O, din xadimlərinin Ermənistandakı nüfuzundan bəhs edib:
“Erməni cəmiyyətində siyasi müxalifətə etibar itib, Qalstanyan isə siyasətçi yox, din xadimidir. Din xadimi Ermənistanda daha nüfuzludur. 44 günlük Vətən müharibəsindən bəri o, Ermənistan Baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham edir, eyni zamanda erməni xalqını itaətsizliyə və hakimiyyət dəyişikliyinə çağırır. Din xadimi olduğu üçün cəmiyyətlə daha sıx əlaqələri var, problemləri daha yaxından görür və öz çıxışlarında səsləndirir”.
Ekspert Qalstanyanın arxasında duran qüvvələr haqqında ehtimal irəli sürüb:
“Onun arxasında hazır təşkilat var. Bu da hakimiyyət üçün birbaşa təhlükə kimi qəbul edilə bilər. Qalstanyan kimi şəxslər heç vaxt özbaşına hərəkət etmir, onların arxasında müəyyən qüvvələr olur. Ehtimal ki, bu qüvvələr ya Rusiya, ya da Qərbdə olan erməni diasporasıdır. Onların göstərişi ilə Baqrat Qalstanyan yenidən hakimiyyəti ələ keçirməyə cəhd edə bilər”.
Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdarlarını terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib. İyunun 25-i səhər saatlarında hüquq-mühafizə orqanları Qalstanyanın və tərəfdarlarının evlərində axtarış aparıblar. O, maskalı şəxslər tərəfindən saxlanılıb.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Ermənistan,Çevriliş,T:odaypress.tv,
