“Bütün dəstək dayanacaq!” — Tramp İsraildən “üz döndərir”?

Təhlil

27.10.2025 11:39

İsraildə Qərb sahilinin ilhaqı ilə bağlı Knessetin qətnaməsi beynəlxalq miqyasda, o cümlədən ABŞ-dən kəskin reaksiyalarla qarşılanıb.


"Time" dərgisinə müsahibə verən ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İsrail Qərb sahilini ilhaq etməyi düşünürsə, Vaşinqton bu ölkəyə bütün dəstəyi dayandıracaq:

“Ərəb dövlətlərinə söz verdim. Əgər İsrail Qərb sahilini ilhaq etməyi ağlının ucundan belə keçirsə, Birləşmiş Ştatlar İsrailə olan bütün dəstəyini dayandıracaq”.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens də məsələ ilə bağlı sərt açıqlama verib:


“Bu, çox axmaq bir siyasi qərardır. Mən şəxsən bunu təhqir hesab edirəm. Qərb sahili İsrail tərəfindən əsla ilhaq edilməyəcək. İsrail bu avantürasına son qoymalıdır”.

ABŞ ilə İsrailin sıx müttəfiqliyi hər kəsə məlumdur. Belə olan halda Tramp həqiqətən İsraildən "üz döndərə" bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami bildirib ki, ABŞ-nin İsrailə tam dəstəkdən imtina etməsi real görünmür.


O qeyd edib ki, ABŞ və İsrail arasındakı münasibətlərin tarixi və strateji dərinliyi danılmazdır:

“ABŞ üçün İsrail Yaxın Şərqdə həm əsas tərəfdaş, həm də regionda sabitliyin təminatçısı sayılır. İllər ərzində bu münasibətlər təkcə siyasi deyil, həm də hərbi, kəşfiyyat və texnoloji əməkdaşlıqlarla möhkəmlənib. ABŞ Konqresinin və ictimai rəyin əksəriyyəti də İsrailə dəstəyi ənənəvi olaraq müdafiə edir.

Donald Trampın və ya onun komandasında yer alan Ceyms Devid Vens kimi siyasətçilərin səsləndirdiyi bəzi fikirlər əslində iki məqsədə xidmət edir. Birincisi, “İbrahim sazişləri” çərçivəsində Ərəb dövlətləri ilə münasibətlərin qorunmasıdır. İkincisi, ABŞ Yaxın Şərqdə sülh tərəfdarı obrazını saxlamaq niyyətindədir. Həmçinin Tramp ABŞ-ni "İsrailin hər hərəkətinə göz yuman ölkə" obrazından uzaqlaşdırmaq istəyir".

Tamilla Qulaminin sözlərinə görə, Tramp prezident seçkiləri ərəfəsində də özünü sülh tərəfdarı kimi göstərirdi, seçkilərdən sonra da bunu davam etdirir. Hətta Nobel Sülh Mükafatına namizədliklə bu imici möhkəmləndirmək istəyirdi. 


Siyasətçi düşünür ki, İsrail Qərb sahilinin ilhaqına cəhd etsə, ABŞ bəlkə də İsrailə sanksiya tətbiq edə, diplomatik təzyiq göstərə bilər, amma tam dəstəyi dayandırmayacaq. Çünki İsrail ABŞ-nin regional planlarının icraçısıdır. Buna görə də Trampın İsraildən “üz döndərməsi” yalnız bəyanat səviyyəsində qalacaq.

“Bu, Ərəb dövlətləri ilə balanslı münasibətləri qorumağa yönələn siyasi manevrdir. ABŞ–İsrail münasibətlərinin strateji dərinliyinə görə belə ritorika sadəcə siyasi jest kimi dəyərləndirilə bilər”, - deyə analitik vurğulayıb.

Ekspert, həmçinin İsrailin Qərb sahilini ilhaq etmək planını da şərh edib. Onun fikrincə, bu, daxili siyasi məqsədlərlə bağlıdır:

“Sağçı və ultra-sağ fraksiyaların liderləri torpaq iddialarını tarixi və dini əsaslarla izah edirlər. Qanunvericilik baxımından, İsrail tətbiq edilən qanunları ancaq faktiki şəkildə tətbiq edə bilər. Çünki Qərb sahilində yüz minlərlə fələstinli yaşayır və onların hüquqi statusu mövcuddur. Bu, ciddi idarəçilik problemləri yaradar".

T.Qulami əlavə edib ki, əgər İsrailin Qərb sahili ilhaqı genişlənərsə, bu, ərəb ölkələri ilə yaxınlaşma prosesinə mənfi təsir göstərəcək. Bir çox ərəb dövləti iki dövlətli həll prinsipini dəstəkləyir və ilhaqı qırmızı xətt hesab edir. Həmçinin son zamanlarda Fələstinin müstəqilliyinin tanınması bir çox dövlət tərəfindən qəbul olunur. Hətta Fələstinin müstəqilliyinə görə, Qəzzadan üz döndərilə bilər. 


Ekspert sonda İsrailin əhəmiyyətli layihəsindən bəhs edib:

“İsrailin Süveyş kanalına alternativ kimi planlaşdırdığı “Ben Gurion kanalı” layihəsi də xüsusi strateji əhəmiyyət daşıyır. Çünki hazırda Süveyşdə husilərin fəaliyyəti gediş-gəlişi xeyli çətinləşdirib”.

Qiymət Mahir

TodayPress TV

tag: Tamilla Qulami,Politoloq,ABŞ,İsrail,Todaypress.tv,