ABŞ-Aİ enerji razılaşmalarının qlobal neft bazarına təsirləri...
Təhlil
29.07.2025 17:25
“ABŞ və Avropa İttifaqı arasında enerji sahəsində əldə olunan razılaşmalar qlobal neft bazarına ciddi təsir göstərəcək”.
Bunu TodayPress TV-yə danışan iqtisadçı Elçin Rəşidov bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı yaxın illər ərzində ABŞ-dən təxminən 750 milyard dollar dəyərində müxtəlif enerji məhsulları, o cümlədən neft və qaz almağı planlaşdırır. Bu isə dünya bazarında enerji məhsullarına tələbin artmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
“Əsas məqsəd Rusiya nefti və qazının əvəzlənməsidir. Əgər bu plan uğurla həyata keçirilərsə, onun iqtisadi təsirləri daha aydın görünəcək. Sanksiyalar səbəbindən Rusiya neftini ucuz qiymətə Hindistan və Çin kimi böyük bazarlara yönəldir. Bu da ümumi bazarda təklifin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Sanksiyalar Qərb bazarlarında qiymətləri qaldırsa da, alternativ bazarlarda qiymətlərin düşməsinə yol açır. Beləliklə, bu proses ikitərəfli təsir yaradır. Çin kimi ölkələr isə bu vəziyyətdən qazanc əldə edir”.
İqtisadçının sözlərinə görə, bu kimi geosiyasi və iqtisadi dəyişikliklər Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Azərbaycan neftini dünya bazarındakı qiymətlərlə uyğun şəkildə satır. “Azəri Light” markalı Azərbaycan nefti adətən “Brent” və “Urals” qiymət göstəricilərinə əsaslanır və onlardan bir qədər yüksək satılır.
O vurğulayıb ki, ABŞ və Aİ arasında enerji sahəsində əməkdaşlıq və qlobal tələbin artması fonunda “Azəri Light”ın qiymətinin yüksək səviyyədə qalacağı ehtimal olunur.
Sonda Elçin Rəşidov əlavə edib ki, Azərbaycanın neft ixracı qərb bazarlarına yönəlib və bu istiqamətdə satışın davam etməsi ölkənin mövqeyini gücləndirə bilər. Bununla belə, Rusiya üzərinə qoyulan sanksiyalar və bölgədəki gərginliklər Azərbaycanın qeyri-neft sektoruna da dolayısı ilə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında imzalanmış yeni ticarət çərçivə sazişi qlobal iqtisadi münasibətlərdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Razılaşmaya əsasən, Aİ ABŞ mallarına tətbiq edilən əsas idxal rüsumunu 15 faizə endirmək öhdəliyi götürüb.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,ABŞ,Aİ,Neft,Todaypress.tv,
