Yeni tikilmiş binalarda ÖLÜM RİSKİ: Səbəb nədir?
Sosial
18.03.2026 17:43
Son illərdə yeni tikilmiş çoxmənzilli binalarda yanğın hadisələrinin sayı artmaqda davam edir, bəzi hallarda isə vətəndaşlar həyatı ilə risk altında qalır.
Əmlak eksperti Elnur Azadov TodayPress TV-yə bina yanğınlarının yaranma səbəblərindən danışıb.

Onun sözlərinə görə, Sovet hökuməti dövründə tikilmiş binalarla müqayisədə yeni binalarda belə hadisələrin daha çox baş verməsi əsasən onların kompakt inşa olunması və yüksək mərtəbəli olması ilə bağlıdır:
"17 mart tarixində Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yanğın hadisəsi baş verib və nəticədə 7 nəfər xəsarət alıb. Keçən il Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yanğın hadisəsində isə 2 nəfər həyatını itirib. Vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində profilaktik tədbirlər aparılmalıdır.
Hesab edirəm ki, bu kimi yeni tikilmiş binalarda nəzarət mexanizminin gücləndirilməsi, təbliğat işlərinin aparılması, təhlükəsiz şəraitin yaradılması və hadisə baş verərsə təxliyə işlərinin düzgün aparılması ilə bağlı ciddi tədbirlər görməyin vaxtı artıq çatıb. Bu çərçivədə aidiyyəti qurumlar tərəfindən əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini və yanğınların qarşısının alınmasına və söndürülməsinə əhalinin cəlb edilməsini təşkil etmək xüsusi əhəmiyyət daşıyır (İcra hakimiyyətlərin əsasnaməsində yanğına qarşı təhlükəsizliyin 3.15.9.1. maddəsi)".
Ekspert bildirib ki, çoxmənzilli binalarda yanğın təhlükəsizliyinin təmin olunması və nəzarət mexanizmi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətlərinin üzərinə düşür.
O əlavə edib ki, məsələdə icra hakimiyyətlərinin rolu böyükdür, çünki vətəndaşların və yanğın təhlükəsizliyinin təmin olunması onların əsas məsuliyyətidir.

"Yeni inşa olunmuş binalarda yanğın hadisələrinin daha çox baş verməsi, əsasən, bu binaların kompakt inşa olunması və yüksək mərtəbəli olması ilə bağlıdır.
Vətəndaşların sayı daha çoxdur və hündürmərtəbəli binalardan təxliyə daha çətin və risklidir. Ölkədə təxminən 2500 yeni tikilmiş bina var və onların əksəriyyətində təhlükəsizlik tədbirləri yetərli şəkildə həyata keçirilmir.
Onların yalnız 8-10%-ində idarəetmə mexanizmi qanunla təmin olunub. Təxminən 200-220 bina yalnız Mənzil Məcəlləsinin qaydalarına uyğun idarə olunur, lakin xidmət edən personal yanğından mühafizə sahəsində biliklərə malik deyil. Bu baxımdan, yanğın təhlükəsizliyi sahəsində təbliğat aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini təşkil etmək vacib istiqamətlərdən biridir (İcra hakimiyyətlərin əsasnaməsində yanğına qarşı təhlükəsizliyin 3.15.9.4. maddəsi)".
Elnur Azadov vurğulayıb ki, bu istiqamətdə ciddi tədbirlərin görülməsi artıq vacibdir:
"Vətəndaşların təhlükəsizliyi üçün qanunda dəyişikliklər edilməli, aidiyyəti dövlət qurumları işlərin icrasını təmin etməli və çoxmənzilli binaların idarə olunması tam dövlət nəzarətinə alınmalıdır. Eyni zamanda, bürokratiya və qanunsuz əməllərin qarşısını almaq üçün ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu addımlar vətəndaşların şəffaf şəkildə müştərək cəmiyyətlərini yarada və idarə edə bilməsi üçün əsas şərtdir", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Elnur Azadov,Ekspert,Bina,Risk,Todaypress.tv,
