"Tik-Tok" videoları beynimizi belə zəbt edir
Sosial
19.03.2026 18:30
Beynəlxalq tədqiqatçılar qrupu şaquli video asılılığının gündəlik yaddaş problemləri və diqqət çatışmazlığı ilə əlaqəli olduğunu müəyyən edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Addictive Behaviors Reports” (ABR) jurnalında araşdırma məqaləsi dərc olunub.
Araşdırma Makao Universitetinin Koqnitiv Elmlər Mərkəzindən Yao Vanq və Kristian Montaq tərəfindən Almaniya və Çindən olan həmkarları ilə birgə aparılıb. Tədqiqatçıların məqsədi psixoloji vəziyyətlərin rəqəmsal vərdişlərə necə təsir etdiyini və bu vərdişlərin real həyata hansı şəkildə yansıdığını anlamaq olub.
“Koqnitiv və nevrologiya professoru Kristian Montaq bildirib ki, sosial media istifadəsinin məhdudlaşdırılıb-məhdudlaşdırılmaması ilə bağlı qlobal müzakirələr aparılır. Bu, qismən onun potensial asılılıq yaradan təbiəti ilə bağlıdır.”
Araşdırmada başqalarının həyatındakı mühüm hadisələri qaçırmaq qorxusu kimi tanınan FoMO fenomeninə xüsusi diqqət yetirilib. Psixoloqlar bu fenomenin iki növünü fərqləndirirlər: sabit şəxsiyyət xüsusiyyəti və, məsələn, bildirişlər alındıqda yaranan situativ vəziyyət.
Tədqiqatçılar həmçinin “gündəlik idrak səhvləri” adlandırılan halları — unutqanlıq, diqqətin dağılması və gündəlik işlərdə səhlənkarlıq kimi problemləri də təhlil ediblər.
Araşdırmada Almaniyadan olan 720 TikTok istifadəçisi iştirak edib (onlardan 249-u kişi, 471-i qadın olub; orta yaş təxminən 38-dir). İştirakçılar narahatlıq səviyyələrini, tətbiqdən istifadə tezliyini və idrak pozuntularının sayını qiymətləndirən anketləri doldurublar.
Nəticələr aydın korrelyasiya göstərib: FoMO səviyyəsi yüksəldikcə, insanların gündəlik səhvlərlə qarşılaşma tezliyi də artır. TikTok-dan həddindən artıq istifadə bu prosesdə əsas rol oynayaraq narahatlıqla idrak zəifləməsi arasında “körpü” funksiyasını yerinə yetirir.
Alimlərin fikrincə, tətbiqin davamlı şəkildə yoxlanılması diqqəti parçalayır və idrak resurslarını tükəndirir. Nəticədə, insanın tapşırıqlara fokuslanması çətinləşir, bu da unutqanlığa və məhsuldarlığın azalmasına gətirib çıxarır.
Maraqlıdır ki, TikTok-da davamlı (trait) FoMO — yəni ümumi olaraq nəyisə qaçırmaq qorxusu — situativ FoMO-dan daha təsirli olub. Müəlliflər bunu platformanın unikal xüsusiyyətləri ilə izah edirlər: qısa videoların və fərdiləşdirilmiş tövsiyələrin sonsuz axını daha dərin psixoloji mexanizmləri aktivləşdirə bilər.
Jalə Rövşən
tag: Tik-Tok,Şaquli ,Tədqiqat,Aslılıq,Todaypress.tv,
