Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? – AÇIQLAMA
Sosial
08.07.2025 17:35
Sosial müavinət almaq hüququ olan bir çox insan sənədlərinin qaydasında olmaması və ya adlarına olan əmlak səbəbilə bu imkandan istifadə edə bilmir. Maraqlıdır ki, belə şəxslərin bir qismi vəziyyəti düzəltmək əvəzinə, heç bir addım atmır.
Bəs səbəb nədir?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, ölkədə sosial yardımın verilməsinə dair qanunvericilik dəqiq tələblər qoyur.
O, əlavə edib ki, qaydada açıq şəkildə göstərilir ki, şəxsin adına maksimum bir əmlak ola bilər.
“Əgər şəxsin adına ikinci əmlak varsa, bu, artıq onun aztəminatlı kateqoriyasına düşməsinə imkan vermir. Yəni bu, müəyyən olunmuş meyardır. Əgər bir şəxs ünvanlı sosial yardım almaq istəyirsə, bu qaydalara uyğun olmalıdır. Uyğun deyilsə, haqqı çatmır və bu zaman şikayət etməyin də mənası yoxdur. Əgər ehtiyacı varsa, həmin əmlakı üzərindən çıxartmaq, sənədləri qaydaya salmaq kimi addımlar atmalıdır”.
İqtisadçının fikrincə, vətəndaşların ehtiyacı olduğu halda bu cür sənədlərini düzəltməmələrinin bir neçə səbəbi ola bilər:
“Sənədləri qaydaya salmaq uzun və çətin bir proses kimi görünür. İnsanlar bu prosedurlardan qorxur və ya yorulur. Bəzi şəxslər bu prosedurları necə aparacağını bilmir və lazımi məlumatı əldə etməyə çalışmır. Bəzən illərdir adı üzərində olan əmlakın çıxarılması ailədaxili mübahisələrə səbəb ola bilər deyə, insanlar bu addımı atmır”.
Qeyd edək ki, Milli Məclisin deputatı Razi Nurullayev TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib ki, Azərbaycanda sosial müaviənətlərin verilməsi ilə bağlı şərtlər normal sayıla bilər. Amma ölkəmizdə insanların sənədlərinin qaydasında olmaması bu işi çətinləşdirir. Belə ki, insanlar haqqı olsa belə, sənədləri düz olmadığı üçün sosial müavinəti ala bilmirlər.
Türkan İsgəndərli
tag: Xalid Kərimli,İqtisadçı,Sənəd,Sosial Müavinət,Todaypress.tv,
