"Gənc Ailə Forumu”nun açılış mərasimi keçirildi

Sosial

12.06.2025 15:45

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən filmin nümayişi ilə başlayıb.

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının iştirakçılarına müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən səsləndirilib. 

Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova müzakirə edilən mövzunun yalnız tarixi və ictimai baxımdan deyil, eyni zamanda bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyəti ilə də seçildiyini vurğulayıb. O, tədbirdə iştirak edən gənc ailələrin və eyni dəyərlərlə yoğrulan türk gəncliyinin birləşdikcə, ortaq gələcəyimizin daha da parlaq və dayanıqlı olacağına əminliyini ifadə edib. 

B. Muradova bildirib ki, türk coğrafiyasında ailə həm sədaqətin, fədakarlığın, vəfa və şərəfin simvoludur, həm də bizim hər birimiz üçün böyük və qədim bir tarixdir, soydur, kökdür. 

Komitə rəsmisi ilk öyrənmə ocağı olan ailənin həm də, uşaq və gənclərimizi zamanın təhlükə və risklərinə qarşı qorumaq funksiyasını yerinə yetirdiyini, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq, diqqətə çatdırıb ki, bu baxımdan hazırda bəlli mərkəzlər tərəfindən dırnaqarası mütərəqqi və yad dəyərlərin cəmiyyətimizə sırınmasının qarşısında biz dayanmaq vacib məsələdir.

O, dövlət siyasəti çərçivəsində ailənin cəmiyyət və milli kimlik üçün nə qədər vacib olduğunu nəzərə alan dövlətimizin bu sahəni hüquqi müstəvidə möhkəm şəkildə qoruduğunu diqqətə çatdırıb. Əlavə edib ki, xüsusilə də Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara böyük qayıdış prosesi həm sosial ədalətin, həm də ailə institutunun dirçəldilməsi baxımından tarixi əhəmiyyət daşıyır: “Hazırda azad edilmiş 300-dən çox şəhər və kəndə 2615 ailə olmaqla, 10.233 şəxs köçürülmüşdür. 2026-cı ilə qədər isə 34.500 ailənin – təxminən 140.000 vətəndaşın – bu torpaqlara qayıdışı həm də ailələrin milli torpaqlarda yenidən kök salması, milli-mənəvi dəyərlərin yenidən canlanması və gələcək nəsillərin vətən torpağında böyüməsi deməkdir”. 

B. Muradova Dövlət Komitəsinin aidiyyəti dövlət qurumları ilə birgə tərəfdaşlıqla reallaşdırdığı layihələr haqqında məlumat verərək, xüsusilə Ailə Konsepsiyasının Zəfərdən sonra formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə təsisatının daha da möhkəmləndirilməsinə və ölkədə mövcud olan əlverişli demoqrafik şəraitin qorunub saxlanılmasına yönəldiyini vurğulayıb. 

Çıxışında qlobal informasiya məkanında yayılan və Azərbaycan ailə modeli ilə uzlaşmayan yad və zərərli meyllərin qarşısının alınması məsələsinə toxunan Komitə sədri bildirib ki, nümunəvi ailə modelinin təşviqi, ailə üzvlərinin hər cür zərərli tendensiyalara qarşı dayanıqlılığının, nəsillərarası ünsiyyət və həmrəyliyin artırılması kimi məsələlər bu sahədə gündəliyimizin əsas istiqamətlərindədir. Biz türk dünyasının gəncləri və liderləri belə forumlarda bir araya gələrək ailə institutunu milli dəyərlərimizin qoruyucusu və daşıyıcısı kimi gələcəyə ötürmək və gələcək təhdidlərdən qorumaq öhdəliyini daşıyırıq. 

“Bu baxımdan, Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasət sahəsinə cavabdeh nazirlərinin və digər aidiyyəti qurum rəhbərlərinin mütəmadi görüşlərinin keçirilməsi ortaq strateji yanaşmaların formalaşdırılmasına şərait yaradır.

Bu cür əməkdaşlıq, həm də Türk dünyasının siyasi sabitliyinə, sosial rifahına və ümumi strateji birliyinə xidmət edən dayanıqlı əsasların formalaşmasına da zəmin yaradır.” - deyən B. Muradova çıxışını ailələrə çağırış etməklə yekunlaşdırıb. 

Tədbir bədii proqram ilə davam edib. 

Daha sonra Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və “Gənc Ailə Forumu” öz işinə başlayıb.

tag: Ailə,AQUPDK,TDT,Gənc Ailə Forumu,todaypress.tv,