Finlandiyada korluğun müalicəsi üçün yeni üsul hazırlandı
Sosial
12.06.2025 19:30
Finlandiyanın Tampere Universitetində aparılan araşdırma nəticəsində korluğun müalicəsi üçün ümidverici bir metod inkişaf etdirilib.
TodayPress TV xəbər verir ki, filosofiya magistri Puru Grönrus öz dissertasiya işində insanın kök hüceyrələrindən buynuz qişanın endotel hüceyrələrinə bənzər hüceyrələr yaratmağı bacarıb.
Bu hüceyrələr gələcəkdə buynuz qişa zədələnməsindən yaranan korluğu müalicə etmək üçün istifadə oluna bilər. Endotel buynuz qişanın arxa hissəsində yerləşir və onun maye balansını qoruyur. Bu hüceyrələr zədələndikdə və ya yaşlandıqda görmə qabiliyyəti ciddi şəkildə zəifləyir, çünki endotel hüceyrələri öz-özünə yenilənmir.
Hazırda buynuz qişa zədələnməsinin yeganə müalicə yolu ölmüş donorlardan transplantasiyadır. Lakin donor çatışmazlığı böyük problemdir - dünyada təxminən 13 milyon insan bu əməliyyatı gözləyir. Grönrusun yaratdığı metod isə pasiyentin öz qan hüceyrələrindən kök hüceyrə yaradaraq donor ehtiyacını aradan qaldıra və immun sistemin rədd cavabından yayınmağa imkan verə bilər.
Bundan əlavə, Grönrus və tədqiqatçı Anni Mörö "3D bioprinter" vasitəsilə endotel hüceyrələrini çap etməyə nail olublar. Daha əvvəl buynuz qişanın digər iki təbəqəsi də çap olunmuşdu. İndi isə bu texnologiya ilə bütün buynuz qişanın bioloji çapı mümkündür. Hazır məhsul hələ inkişaf mərhələsindədir.
Töhfə Səməd
tag: Finlandiya,Tampere Universiteti,Araşdırma,Tədqiqat,Korluq,todaypress.tv,