Bakıda binaları fermalara çevirməyin sirri

Sosial

04.05.2026 15:09

Son illərdə dünya şəhərsalma tendensiyalarında diqqət çəkən əsas istiqamətlərdən biri şəhər daxilində kənd təsərrüfatının – “urban farming” modelinin tətbiqidir. Xüsusilə Yaponiya, Çin və Cənubi Koreya kimi ölkələrdə binaların damları, balkonları və fasadları artıq yalnız memarlıq elementi deyil, həm də məhsul yetişdirilən sahələrə çevrilir. 

Bəs bu model Bakı kimi sürətlə urbanizasiya olunan bir şəhərdə nə dərəcədə tətbiq oluna bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan memar Cahid Həsənov hesab edir ki, hazırda Azərbaycan üçün yeni memarlıq mərhələsi başlayır və bu kimi innovativ yanaşmaların tətbiqi üçün real imkanlar yaranır. 


Onun sözlərinə görə, yaxın dövrdə keçiriləcək beynəlxalq memarlıq tədbirləri də bu prosesə təkan verəcək:

"Bu günəcən son 50-100 ildə dünya memarlığında olan çatışmazlıqlar bundan sonrakı dövrdə artıq təkrar olunmamalıdır. Burada söhbət yaşıl şəhər, ağıllı şəhər və ekoloji təmiz şəhər konsepsiyalarından gedir. Artıq yalnız dövlət deyil, özəl sektor da bu istiqamətdə məsuliyyət daşımalıdır. Xüsusilə yeni tikililərdə əlavə ekoloji və sosial tələblərin tətbiqi vacibdir. İndi artıq növbəti dövr üçün özəl sektorun da qarşısında ciddi qaydalar tətbiq olunmalıdır və qoyulacaqdır da ki, bununla işləsinlər. Hər hansı bir MTK bir massivdə 5-10 bina tikirsə, əvvəlki illərlə müqayisədə əlavə işlər görməlidir ki, orada yaşayan insanların komfort həyatı təmin olunsun".

Memarın fikrincə, "urban farming" elementləri balkonlarda mini yaşıllıq sahələri, damlarda bağçalar bu transformasiyanın əsas hissəsinə çevrilə bilər:

"Məsələn, eyvanlarda xüsusi yaşıllıq dibçəkləri, damlarda yaşıllıq sahələri yaradılmalıdır. Bu, həm ekoloji baxımdan təmizlik yaradır, həm də insanların gündəlik oksigenlə təmin olunmasına kömək edir. Bu dəyişikliklər yalnız eksteryerlə məhdudlaşmamalı, binaların daxili məkanlarına da sirayət etməlidir. Yeni qaydalar olmalıdır ki, tikilən binaların bloklarında, giriş dəhlizlərində, hətta liftlərin içində belə gül-çiçəklərin olması təmin edilsin. Bu, həm təmiz oksigen verəcək, həm də vizual estetik mühiti yaxşılaşdıracaq".

Ekpsert əlavə edib ki, dövlətin “yaşıl şəhər” siyasəti ilə özəl sektorun bu cür təşəbbüsləri paralel inkişaf etsə, yaxın 5-10 ildə Bakı tamamilə fərqli mühitə çevrilə bilər:

"Bu addımlar atılarsa, insan Bakının içində yaşayacaq, amma elə biləcək ki, meşənin qoynundadır. Onun blokunda da, eyvanında da, dəhlizində də yaşıllıq olacaq".

Cahid Həsənov qeyd edib ki, "urban farming" modeli yalnız estetik və ekoloji üstünlüklər yaratmır, eyni zamanda şəhərin istilik balansını tənzimləyir, hava keyfiyyətini yaxşılaşdırır və hətta müəyyən hallarda yerli qida istehsalına da töhfə verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cahid Həsənov,Memar,Bakı,Bina,Fermer,Todaypress.tv,