Azərbaycan və BƏƏ ticarətində BÖYÜK sıçrayış: 87% artım

Sosial

03.02.2026 14:22

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gəlib.

Milli  Məclisin deputatı Vüqar Bayramov Azərbaycan liderinin səfərini şərh edib.


TodayPress TV məlumat verir ki, deputat iki ölkənin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurduqlarını bildirib.

“Azərbaycan-BƏƏ ticarəti 87% artıb.  Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsir göstərib. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166,4 milyon dollara çatıb”.

O, diqqətə çatdırıb ki, Azərbaycan-BƏƏ ticarətində 50 mln. dollar müsbət saldo qeyri-neftlədir:

“Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollarlıq müsbət saldoya malik olub. BƏƏ Azərbaycanın qeyri-neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri-neft-qaz məhsulları olub. Bu isə Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir”.

Parlamentari vurğulayıb ki, əməkdaşlıq eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarında da özünü göstərir. Belə ki, BƏƏ Azərbaycanın yaşıl enerji sektorunda ən çox sərmayə qoyan dövlətlərdəndir.

V.Bayramov sonda əlavə edib ki, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,BƏƏ,Todaypress.tv,