Zelenski-Pəhləvi görüşü: Ukrayna Rusiyaya hansı mesajı verdi?

Siyasət

17.02.2026 16:57

Ukrayna Prezidenti Volodimir Zelenskinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşməsi və ona dəstəyini ifadə etməsi Güneydə birmənalı qarşılanmayıb.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, Zelenskinin Rza Pəhləvi ilə görüşü siyasi-ideoloji və simvolik xarakter daşıyır: 


“Ukrayna Prezidenti bununla Rusiyaya qarşı koalisiyanı bütün istiqamətlərdə olduğu kimi, ehtimal olunan istiqamətlərdə də gücləndirir. Həmçinin Rusiyanın tərəfdaşlarına qarşı siyasi mesaj verir. Bu baxımdan Ukrayna Prezidenti üçün önəmli olan öz mövqeyindən çıxış etməsidir. İranın mövcud hakimiyyətinə qarşı əlinə keçmiş bütün fürsətləri dəyərləndirmək daha vacib hesab olunur, nəinki Rza Pəhləvinin kimliyi ilə bağlı məsələlər. Çünki İranın Rusiyaya “Şahed” tipli kamikadze dronlar verməsi, hərbi-texniki əməkdaşlığı genişləndirməsi və sanksiyalardan yayınma mexanizmlərində yardımlar etməsi Ukrayna Prezidentini belə addım atmağa məcbur edir. Prezident Zelenski bu addımı ilə İrana “Siz Rusiyanı dəstəkləyirsinizsə, biz də İran daxilində alternativ siyasi qüvvələrlə dialoqa açığıq” mesajını verir. Əslində, burada sırf İran hakimiyyəti hədəfə alınıb. Bu baxımdan Zelenskinin bu addımında nə Azərbaycanın, nə də Cənubi Azərbaycandakı soydaşlarımızın maraqları hədəf kimi görünməlidir. Çünki bu kimi siyasi motivasiyalarda dost xalqların maraqlarının zədələnməsi də təbii hesab oluna bilər. Assimetrik diplomatik cavablarda bu kimi hallar mümkündür”.  

Ekspert əlavə edib ki, digər tərəfdən Rza Pəhləvi Qərb siyasi dairələrində İran müxalifətinin simvolik fiqurlarından biridir. Zelenskinin onunla görüşməsi Ukraynanın demokratiya və avtoritarizm qarşıdurması prinsiplərini qabardır. Bu da öz növbəsində Rusiya–İran blokuna qarşı ideoloji cəbhə formalaşdırır. Belə ki, daxili auditoriyadan çox Qərb ictimaiyyətinə ünvanlanan bu jest Ukrayna Prezidentinin İran xalqına qarşı olmadığını da göstərir. Çünki İran rejiminə qarşı atılan bu addım İran xalqının Qərb dəyərləri prizmasından məsələyə yanaşmasının lazım olduğunu istisna etmir.  


“Bu baxımdan Güneydəki azərbaycanlılar baş verə biləcək bütün məsələlərdə alternativ düşüncəyə qapanmamalı, əksinə, bütün situasiyaları öz xeyirlərinə çevirməyi bacarmalıdırlar. Çünki İranda proseslər hələ çox uzun illər davam edə bilər”, - deyə Ç.Şahbazi fikrini yekunlaşdırıb.  

Qiymət Mahir

TodayPress TV

tag: Çingiz Şahbazi,Politoloq,Zelenski,Pəhləvi ,Todaypress.tv,