Ukrayna güzəştə getmir: Kreml təzyiq strategiyasına keçir?

Siyasət

11.06.2025 12:40

"Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ukraynanın danışıqlarda güzəştə getməməsinin ərazi itkilərinə yol aça biləcəyi ilə bağlı açıqlaması Kremlin təzyiq strategiyasının tərkib hissəsidir". 

Politoloq Tural İsmayılov bunu Medinskinin "The Wall Street Journal" nəşrinə müsahibəsi zamanı səsləndirdiyi fikirləri TodayPress TV-yə şərh edərkən deyib. 

Onun sözlərinə görə, Medinskinin “Moskva cavab verməyə məcbur olacaq” ifadəsi Rusiyanın növbəti hərbi addımlarını haqlı göstərmək üçün hazırlanan ritorik zəmin kimi qiymətləndirilə bilər. Bu tip bəyanatlar həm Ukraynaya qarşı diplomatik təhdid xarakteri daşıyır, həm də Kremlin informasiya müharibəsində təbliğat aləti kimi çıxış edir.

"Ukraynanın kompromisə getməməsi suverenlik və ərazi bütövlüyünü qoruma prinsipindən qaynaqlanır. Lakin Medinskinin ritorikası Kiyevin bu mövqeyinin cəzalandırılacağı mesajını verir".

Politoloq hesab edir ki, bu cür açıqlamalar təkcə xarici deyil, həm də daxili auditoriyaya ünvanlanır. Çünki Rusiya ictimaiyyətində müharibəyə dəstəyi qorumaq üçün Kremlin bu tip bəyanatlara ehtiyacı var.

Ekspert onu da əlavə edib ki, Ukrayna bu gün Qərb müttəfiqlərinə arxalanaraq güzəştsiz siyasət yürüdür və bu, danışıqlarda kompromisə getməmək üçün əsas imkan yaradır. Eyni zamanda, Rusiyanın "cavab vermək"lə bağlı təhdidi hərbi eskalasiya riskini artırır və medianın diqqətini yenidən bölgəyə yönəldir.

"Bu bəyanatlar 2022-ci ildəki İstanbul danışıqları zamanı Rusiyanın sərgilədiyi oxşar ritorika ilə səsləşir və sülh prosesinə mane olan elementlərdən biridir. Ukrayna ərazi itkilərinə baxmayaraq, müqavimət göstərməkdə davam edir və bu, beynəlxalq dəstəyi daha da gücləndirir".

Tural İsmayılov yekun olaraq bildirib ki, Medinskinin açıqlaması Rusiyanın aqressiv siyasətini bir daha üzə çıxarır və beynəlxalq media bu ritorikanı ifşa etməklə qlobal ictimaiyyətə çatdırmalıdır.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "The Wall Street Journal" nəşrinə müsahibə verib. O bildirib ki, Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün yalnız növbəti ərazi itkilərinə səbəb olacaq.

Töhfə Səməd

tag: Tural İsmayılov,Politoloq,Rusiya,Ukrayna,todaypress.tv,

photo