Türkiyəli nazir: “Rəqəmsallaşma prosesində ailənin dəstəklənməsi prioritetdir”

Siyasət

23.12.2025 11:30

“Uşaq müdafiəsi ehtiyaca əsaslanan xidmətlər və güclü koordinasiya tələb edir”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyədə uşaq müdafiə sistemi ehtiyaca əsaslanan xidmətlər və qurumlararası koordinasiya əsasında həyata keçirilir. Onun sözlərinə görə, ailənin qorunması və gücləndirilməsi üzrə fəaliyyət planı bu sahədə atılan konkret addımlar üçün yol xəritəsi rolunu oynayır. 2024–2028-ci illəri əhatə edən və ailəni mərkəzə alan ilk belə fəaliyyət planının beş əsas istiqamətindən biri məhz rəqəmsallaşmadır — rəqəmsallaşma prosesində ailənin dəstəklənməsi.

Mahinur Özdemir Göktaş qeyd edib ki, bu məqsədlə ailə üzvlərinin rəqəmsal vasitələrdən düzgün və şüurlu istifadəsinə yönəlmiş tədbirlər həyata keçirilir. Ailə mərkəzli kommunikasiya strategiyaları, maarifləndirmə kampaniyaları və uşaqlar üçün uyğun məzmunun genişləndirilməsi fəaliyyət planının əsas hədəflərini təşkil edir:

“Türkiyənin Uşaq Hüquqları Strategiya Sənədi vasitəsilə rəqəmsal mühitdə uşaqların hüquqlarını qoruyan siyasətlər tətbiq olunur. Eyni zamanda “Uşaq üçün Dost Tətbiqlər” — “DUY” İhbar” platforması vasitəsilə uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit yaradılıb. Sosial media üzrə işçi qrup 24/7 rejimində zərərli məzmunu aşkarlayır və zəruri müdaxilələri dərhal həyata keçirir”.

Mahinur Özdemir Göktaş vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə elan edilən 2025-ci “Ailə ili” çərçivəsində rəqəmsal dünyada ailəni qoruyan və gücləndirən fəaliyyətlər daha da sürətləndirilib. Nazir bildirib ki, Türkiyənin dörd bir yanında “rəqəmsal detoks” düşərgələri təkcə uşaqlar üçün deyil, ailələrlə birlikdə təşkil olunur və şüurlu texnologiya istifadəsi təşviq edilir.

Qiymət Mahir

TodayPress TV

tag: Mahinur Özdemir Göktaş,Nazir,Tədbir,Çıxış,Todaypress.tv,