Türkiyə-Ermənistan sərhədində yeni mərhələ: “Əlican” keçid məntəqəsi

Siyasət

09.02.2026 20:53

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində ən vacib körpülərdən birinə çevriləcək “Əlican” sərhəd-keçid məntəqəsinin açılışına hazırlıqlar sürətlənib. 

Bəs bu sərhəd-keçid məntəqəsi Azərbaycana necə təsir göstərə bilər?  

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli TodayPress TV-yə danışarkən bildirib ki, bu addımlar Azərbaycanın strateji maraqlarına uyğundur. 


Analitik vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin formalaşdırılması istiqamətində ciddi və ardıcıl işlər aparılır. Onun sözlərinə görə, xüsusilə ötən il Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ dövlət başçılarının əldə etdiyi razılaşma çərçivəsində sülhə doğru mühüm addımlar atılıb. 


"Bu prosesin nəticəsi olaraq artıq Azərbaycan ərazisi üzərindən Ermənistana yüklərin daşınmasına icazə verilir, Ermənistan isə Azərbaycanın hava məkanından istifadə edir.Belə bir şəraitdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması tamamilə təbii və məntiqlidir”, - deyə o izah edib. 

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə bu prosesdə bütün hallarda Azərbaycanın razılığı və məsləhəti ilə hərəkət edir. Məhz bu səbəbdən “Əlican” sərhəd-keçid məntəqəsinin açılması Azərbaycanın milli maraqlarına zərər vurmur, əksinə, ölkənin strateji maraqlarına uyğundur. 


M. Rəhimli əlavə edib ki, Türkiyənin bu addımlarının dəstəklənməsi vacibdir, çünki Türkiyə-Ermənistan münasibətləri nəticəsində yaranacaq proseslər uzunmüddətli perspektivdə Azərbaycanın maraqlarının müdafiəsinə xidmət edəcək. 

“Fikrimcə, Ermənistan tədricən Azərbaycan və Türkiyədən iqtisadi və siyasi baxımdan asılı bir ölkəyə çevriləcək və bu istiqamətdə məqsədyönlü, strateji addımların atılması olduqca önəmlidir”, - deyə politoloq sonda bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Mütəllim Rəhimli,Əlican,Türkiyə,Ermənistan,Azərbaycan,Todaypress.tv,