Trampdan Putinə SON ŞANS: 10 gün cəbhədə nəyi dəyişəcək?
Siyasət
30.07.2025 16:54
“Rusiya ABŞ-nin 10 günlük möhlətini diqqətə almadan Ukraynada öz siyasətinə davam edərsə, bu, Moskva üçün asan olmayacaq”.
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, ABŞ lideri Donald Trampın Rusiyaya verdiyi vaxtı 50 gündən 10 günə endirməsinin əsas səbəbi ondan ibarətdir ki, o artıq Rusiyaya ayrılacaq əlavə vaxtın heç bir əhəmiyyəti olmadığı qənaətinə gəlib.
“Son 6 ay ərzində Rusiya Prezidenti Vladimir Putin ona təklif olunan şanslardan sui-istifadə edib. Təklif edilən variantları qəbul etməyib və müharibəni davam etdirmək yolunu seçib. Bu səbəbdən Tramp həmin vaxtı azaltdığını açıq şəkildə bəyan edib. Bu təhdidləri nəzərə alıb qarşıdakı 10 gün ərzində Rusiyanın hansısa fərqli addımlar atacağını gözləmirəm. Putin böyük ehtimalla Ukrayna ilə bağlı hazırkı siyasətini davam etdirəcək və müharibə eyni şiddətlə davam edəcək”.
Analitik belə bir ssenarinin baş verəcəyi təqdirdə, Trampın növbəti addımları arasında, Rusiyaya 100 faizlik tariflərin tətbiq olunacağını proqnozlaşdırıb. Lakin nəzərə almaq lazımdır ki, hazırda ABŞ və Rusiya arasında ticarət dövriyyəsi minimum səviyyədədir. Bu səbəbdən sanksiyaların Rusiyaya elə də ciddi təsiri olmayacaq:
“Digər ehtimal olunan addımlar isə belədir ki, ABŞ-də 83 senatorun imzaladığı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi Konqresdən keçə bilər. Həmçinin Tramp Ukraynaya dəstəyi artıra bilər. Bu, birbaşa ABŞ tərəfindən deyil, NATO və Avropa ölkələrinin maliyyə vəsaiti hesabına ola bilər. Belə ki, Avropa vasitəsilə ABŞ Ukraynaya hərbi texnika, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlar göndəriləcək ki, bu da Rusiyanın vəziyyətini çətinləşdirəcək. Bununla yanaşı, Rusiya ilə ticarət edən şirkət və ölkələrə qarşı təzyiqlər artırıla bilər”.
Bu baxımdan, politoloqun fikrincə, yaxın dövrlərdə ABŞ-Rusiya münasibətlərində sərtləşmə ehtimalı daha yüksəkdir. Çünki Rusiya hələ də Ukraynadakı işğalçı siyasətindən əl çəkmir və müharibəni davam etdirir.
Qeyd edək ki, Tramp Rusiyaya çox şans tanıdıqlarını və artıq geri dönüşü olmayan yola girildiyini açıqlayıb. "Ya bu müharibə bitəcək, ya da ABŞ sərt sanksiyalara əl atacaq. Mən Rusiya Federasiyasına 10 gün vaxt verirəm. Vaxt bu gündən (29 iyul - red.) başlayır", - deyə Ağ Ev lideri vurğulayıb.
Töhfə Səməd
tag: Putin,Tramp,ABŞ,Rusiya,Todaypress.tv,