Sədr: “Şadıq ki, Azərbaycan bizi dəstəkləyir”

Siyasət

24.07.2025 11:32

“Müstəmləkəçilik prosesi yalnız iqtisadi deyil, həm də mədəni müstəvidə fransız dili və dəyərlərinin zorla sırınması ilə müşayiət olunub”. 

TodayPress TV xəbər verir ki, bunu Tunisin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının sədri Kamel Essehayri “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda keçirilən konfransda deyib.

“Paradoksal bir məqam da var: Əlcəzairdə 130 il əvvəl müstəmləkəçiliyə son qoyulsa da, Fransanın bu ölkə üzərindəki təsiri hələ də davam edir. Seneqal və digər bölgələrdə Fransa öz maraqlarına xidmət edən liderləri hakimiyyətə gətirmişdi. Qabon kimi ölkələrə Fransanın tərkib hissəsi kimi davranılır və Paris bu ölkələrin resurslarından sərbəst şəkildə faydalanırdı. Bu gün də müstəmləkəçilik iqtisadi və mədəni formada mövcudluğunu qoruyur.  

Belçika, Niderland və Böyük Britaniya kimi Fransa da Afrikada aqressiv müstəmləkə siyasəti yürüdürdü. Maraqlıdır ki, həmin dövlətlər demokratiya dərsi keçməyə çalışır, lakin prezident səviyyəsində “öz adamlarını” yerləşdirərək həmin ölkələrə nəzarət edirdilər. Demokratiya adı altında yeni müstəmləkəçilik siyasəti həyata keçirilirdi”. 

Kamel Essehayri Fransanın bu gün də davam edən  müstəmləkəçilik siyasətinə diqqət çəkib: 

“Afrikadakı Fransız müstəmləkəsi” ifadəsi hələ də gündəmdədir. Hətta bu bölgəyə “Fransafrika” da deyilir. Bu gün Niger, Mali və digər ölkələrdə müşahidə edilən müstəqillik hərəkatları Fransa tərəfindən dəstəklənən kukla rejimlərin devrilməsi ilə nəticələnir. 

Şadıq ki, Azərbaycan bizi dəstəkləyir. Bunun davam etdirilməsinə çağırış edirəm”.

Qiymət Mahir

tag: Fransa,Müstəmləkə,Tədbir,Çıxış,Todaypress.tv,